10-cu yüksəliş və ya 6-cı ümid ilinin imkanları
"Qarabağ"ın Avropa arenasında uğur ümidli seriyalarının 10-cu ildönümüdür. Xatırlayanlar bilər, o vaxt Norveç "Rusenborq"u üzərində tarixi gündə əldə olunan və yüksək ovqata səbəb olmuş qələbənin (1:0 və 0:0) ardınca komanda fin "Honka"sını yenərək (2:1 və 1:0) tarixində ilk dəfə Avroliqanın pley-offuna vəsiqə qazanmışdı.

Əlbəttə, o zaman holland "Tvente"sinə məğlubiyyət bir o qədər ağır görünməmişdi (0:0 və 1:3), amma bu gün seriya adlandırdığımız ümidverici nəticələrin təməli o zamandan qoyulub. Həmin müddətdən üzü bu yana "Qarabağ" cəmi bir dəfə - 2011-12-ci illər mövsümünün yarışlarında qrup ərəfəsi təsnifat mərhələsini görməyib. Son 6 ildə isə komanda mütləq şəkildə yalnız qrup mübarizəsində özünü sınayır. Elə 2014-15-ci illərin qrup yarışında ədalətsizlikdən çox giley-güzar etmişdik. Amma elə o dövrdə böyük inam qapısının üzü futbolumuza açılmışdı.
İllərlə çox şey dəyişib. Amma dəyişməyənlər də var. Dediyimiz 10 il ərzində bəlkə daha iri addımlar atmaq; bəlkə daha böyük məsafə qət etmək, bəlkə də daha yüksəklərə çatmaq olardı. "Niyə"li suallara cavab axtarsaq, dərinə gedə bilməyəcəyik. Mənim üçün ötən 10 ildə "Qarabağ"ın uğurlarının daha miqyaslı ola bilməsindən çox, "futbolumuzda dəyişərək böyüyüb irəli addımlamaq üçün hansı işlər görülüb" sualı və ona bənzər, ondan törəyən digər üst və alt suallar daha çox maraqlandırır. Deyə bilərik ki, bu illərdə ölkəmizdə futbol təşkilatçılığı ilə bağlı əsaslı irəliləyişlər var. Bunun arxasında sabit, davamlı inkişafı, idmanı yüksələn və təşkilatçı kimi daha fərqli yarışlarda özünü təsdiqləmiş Azərbaycan dövləti və özünü təsdiqləmiş idman siyasəti dayanır.

Yerli səviyyədə futbolun inkişafına isə yeni adlar-nəsillər, yeni baxış-təfəkkür, yeni fəlsəfə-sistem, yeni terminologiya-institutlaşma təkan verə bilərdi. Bu mənada "Qarabağ", qismən də "Qəbələ" ilə "Neftçi"nin əldə etdiyi nəticələr, sadəcə, bəzi məcburi addımları zəruri edib və təsirləri də var.

Əlbəttə, 10 ildə ictimai tələb də dəyişib: qrup yarışına düşməyən "Qarabağ"ların, "Neftçi"lərin, həmçinin ilkin mərhələlərdə büdrəyən digər klubların nəticələrinin qiyməti birdir: "uğursuzluq". Burada "Neftçi"nin baş məşqçisinin qarşısına qoyulan vəzifə heç bir rol oynamır. İctimaiyyətin tələbi obyektivdir, insaflıdır.

Ötən il oyunsuzluq içində olsa belə, qrupa düşən "Qarabağ"ı anlamaq üçün təhlillər və rəqiblərin səviyyəsi əsas verirdi. Bu dəfə, məncə, bəhanələrə də səbəb qalmayıb. Qrup yarışı səddini aşmaq üçün tələb, heç bir şübhə toxumu, heç bir güzəşt qalmayıb: komanda Azərbaycan futbolu tarixində ilk dəfə pley-offa vəsiqə almalıdır. Ötən 5 cəhdində buna mane olan səbəbləri hər dəfə anlamağa çalışırdıq. İndi haradasa "Sevilya" istisna olmaqla, digər klubların hər biri hər iki oyunda da keçiləsidir. Söz yox ki, APOEL dərsləri, "Düdelanj"ın ardıcıl ikinci ildir qrup raunduna gəlib çatması ehtiyatlanmağa vadar edir. Bu da yaxşıdır - "Qarabağ" rəqiblərə sayğı ilə yanaşmalı, yəni onları ÖYRƏNMƏLİDİR. Ötən illərdə bunu az müşahidə edirdik. Məşqçi korpusu qınına qapılmadan içi "Sevilya" qarışıq hər rəqibi izləyib aramalı, oyununu çözməli və qiymətlənqdirməlidir. Çünki bu il də "Qarabağ"ın elə bir güclü heyəti yoxdur ki, bütün rəqiblərə qarşı öz oyunu, öz təbiri ilə çıxıb, onları məğlubiyyətə uğratsın. Bununla belə, təkcə ötən bir-iki ayın dərsləri komandaya yol göstərməlidir.

Bir də ki, "Qarabağ" belə bir qrupdan çıxmasa, daha hansı rəqiblərlə mübarizədə 1/16 final üzü görmək istəyə bilər. Əlbəttə, APOEL-lə ikinci oyunda, "Linfild"lə birinci oyunlardakı absurdları və qəribəlikləri olmasa, "Qarabağ" başabaş rəqabətdə bu seriyadan tarixi nailiyyətlə ayrıla bilər - Azərbaycan tarixində ilk dəfə dekabrın son günlərindən birində rəqib təyin edən püşkü maraqla, həsrətlə, həvəslə izləyə bilərik. Tarixdə ilk dəfə Azərbaycan klub futbolu iki ili özündə birləşdirən mövsümün ikinci ilinə meydanda mübarizə ilə qədəm qoya bilər - 2019-cu ilin ən böyük uğuru 2020-ci ildə davam etməlidir. "Qarabağ"ın vaxtilə birinci dəfə qrupa düşəndə, səfərdə ilk tarixi nailiyyətini əldə etdiyi "Dnipro"dan niyə də əskik olsun!
Amma bircə ehtiyatım ondadır ki, içi "Qarabağ" qarışıq, futbolu təşkilatlandıranlarımız bu sədadan, bu imkandan, bu yenilik nəfəsindən çəkinsinlər, hürksünlər, qorxsunlar. Axı, hər belə mərhələ ictimaiyyətin tələblərinə də düzəliş edir.

BATI YAR

Xəbər 1146 dəfə oxundu.