Boks lisenziyasını nə qədər və necə qazanmaq olar
“Tokio-2020" yolunda

1904-cü ildən olimpiya proqramının ayrılmaz tərkib hissəsi olan boksun başı üzərini neçənci olimpiadadır ki, duman deyil, əsl qara buludlar alıb.

Bu dəfə də hər şey ötüşdü. Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının boks proqramı, təsnifat yarışlarının qaydaları, vaxtı və məkanları ilə bağlı qərarını da açıqlayıb. Dəri əlcək ustalarının təsnifat turnirlərinin vaxtı və keçiriləcəyi məkanlarla yanaşı, qaydaları əvvəlki illərdən xeyli fərqlənir.
Başlayaq bizim üçün maraqlı olan yarışdan - Avropa qitəsinin seçmə turnirindən. Amma əvvəlcə onu da yada salaq ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına görə, proqramda bəzi dəyişikliklər edilərək, kişilərin 8, qadınların isə 5 çəki dərəcəsində mübarizə aparacağı müəyyənləşib. Bunun da məqsədi gender bərabərliyini maksimuma çatdırmaqdır. O da məlumdur ki, ağır çəkilərdə olimpiadaya lisenziya sahiblərinın sayı aşağı çəkilərdən az olur. Ənənə bu dəfə də qüvvədə qalır.

Kişilər

1904-cü ildən olimpiya proqramının ayrılmaz tərkib hissəsi olan boksun başı üzərini neçənci olimpiadadır ki, duman deyil, əsl qara buludlar alıb. Gələn il martın 13-dən 23-dək Londonda keçiriləcək Avropa seçmə turniri digər zonalarla müqayisədə daha çox lisenziya verəcək.

Dərəcələr üzrə idmançı sayı belədir:

52, 57 və 63 kq - 8;
69, 75 və 81 kq - 6;
91 və 91 kq-dan yuxarı çəki dərəcələri - 4 boksçu.
Beləliklə, Avropadan Tokioya birbaşa 50 boksçu yola düşəcək.

Digər qitələr üzrə bölgülərə nəzər salaq:

Afrikada - daha yüngül çəkilərdə (52, 57, 63, 69, 75 və 81 kq çəki dərəcələri) - 3, ağır çəkilərdə (91 və +91 kq-da) - 2 lisenziya (cəmi 22 boksçu);
Amerikada - 52, 57 və 63 kq-larda - 5; 69, 75 və 81 kq-larda - 4; 91 və +91 kq-larda - 3 lisenziya (cəmi 33 boksçu);
Asiya və Okeaniyada - 52, 57 və 63 kq-larda - 5; 69, 75 və 81 kq-larda - 4; 91 və +91 kq-larda - 3 lisenziya (cəmi 41 boksçu).

Digər zonalar üzrə yarışların cədvəlini də xatırladaq:

Asiya və Okeaniya zonası - 3-14 fevral 2020-ci il, Uxan (Çin);
Afrika - 20-29 fevral 2020-ci il, Dakar (Seneqal);
Amerika - 26 mart-3 aprel 2020-ci il, Buenos Ayres (Argentina).

Hər qitə üzrə əsas namizədlər vəsiqəsiz qalarsa, dünya təsnifatına da bel bağlaya bilər. Bu yarış bizim üçün də eyni səbəbdən maraqlıdır. Onun Fransa paytaxtı Parisdə keçiriləcəyini də qeyd etmişdik. Bu turnir gələn il mayın 13-dən 24-dək təşkil ediləcək.

Yarışda 5 çəki üzrə (52, 57, 63, 69 və 75 kq) 4 və ya 5 yerin sahibi olimpiyaçı statusunu alacaq. 81 kq-da 3 və ya 4 nəfərin aqibəti bəlli olacaq. 91 və 91 kq-dan yuxarı çəkilərdə isə 3 idmançı vəsiqə sahibi olacaq. Buna görə hər birində üçüncü yer uğrunda döyüş də keçirilə bilər. Parisdə cəmi 31-35 dəri əlcək ustası Tokio yolçusuna çevriləcək.

Bu "və ya" şərtinin, üstəlik də dünya təsnifatında yekun rəqəmin üst-üstə düşməməsinin səbəbini də izah edək.

Ev sahibi müəyyən şərtlər daxilində cəmi dörd lisenziyaya ümid edə bilər. Bu imkan yaponlara 52, 57, 63, 69, 75 və 81 kq çəki dərəcələrində verilir. Bundan savayı, Üçlər komissiyasının qərarı ilə daha 5 boksçuya (52, 57, 63, 69 və 75 kq) "uayld kard" - birbaşa vəsiqə veriləcək.
Beləliklə, gələn il Tokioda 86 boksçu qüvvəsni sınayacaq.

Çəkilər üzrə idmançı sayı belədir:

52, 57 və 63 kq-lar - 28;
69 və 75 kq-lar - 24;
81 kq - 22;
91 və +91 kq-lar - 16 boksçu.

Qadınlar

Əvvəlcə onu qeyd edək ki, təsnifat yarışlarının vaxt və məkanı kişi və qadınlar üçün ortaqdır. Elə ümumi seçim şərtləri də bənzərdir. Qadınlarda da Avropa say çoxluğunu qoruyacaq. 51, 57 və 60 kq çəki dərəcələrində "Əski dünya"ya 6 birbaşa vəsiqə verilir. 69 kq-da - 5, 75 kq-da - 4 dəri əlcək ustası Tokioya üz tutacaq. Seçilənlərin cəmi sayı 27 olacaq.

Say çoxluğuna görə sonrakı yerdə Asiya və Okeaniyadır - 22 idmançı. Yalnız 51 kq-da Asiya ilə Okeaniya birlikdə elə Avropa qədər - 6 boksçusunu Tokioya yollayacaq. Qalan çəkilərin hamısında yalnız 4 idmançısı birbaşa vəsiqə sahibi olacaq. İki qitəlik zonanın birgə səyləri ilə cəmi 22 qadın boksçu Uzaq Şərq səfərinə çıxacaq.
Amerikanın 16 olimpiya lisenziyasının sahibinin çəkilər üzrə bölgüsü belədir: 51 kq-da 4, qalan çəkilərdə 3 idmançı.

Afrika 51 kq-da 3, qalan çəkilərdə yalnız finalçılarını Gündoğar ölkəyə göndərəcək və cəmi 11 dəri əlcək ustası olimpiyaçı olacaq.

Ev sahibi cəmi iki lisenziyaya birbaşa ümid edə bilər. Üstəlik, 75 kq-da namizədəni irəli sürə bilməz. Qalan çəkilər arasından ikisinə güvənməlidir.

Beləliklə, dünya təsnifat turnirində "və ya" prinsipi olacaq. Yalnız 75 kq çəki dərəcəsində birbaşa 3 lisenziya veriləcək. 51 kq çəki dərəcəsində 5 və ya 6, qalan çəkilərdə isə 3 və ya 4 rinq ustasına lisenziyalar veriləcək.

Yeri gəlmişkən, Üçlər komissiyası da 3 boksçuya (51, 57 və 60 kq çəki dərəcələri) birbaşa vəsiqə hədiyyə edəcək.

Beləliklə, qadın boksunda 100 nəfər olimpiadada qüvvəsini sınayacaq. Onlardan 26 nəfəri 51 kq, hərəsində 20 boksçu olmaqla 57 və 60 kq-da 40 nəfər, 18 dəri əlcək ustası 69 kq və nəhayət, 16 rinq döyüşçüsü 75 kq çəki dərəcələrində ən güclü adı uğrunda mübarizə aparacaq.

Qəbul edilmiş digər qərara əsasən, olimpiyaçı statusunu yalnız 1980-ci il yanvarın 1-dən 2001-ci il dekabrın 31-dək anadan olan boksçular əldə edə bilərlər. Hər ölkə bir çəkidə yalnız bir idmançı ilə təmsil olunacaq.

BATI YAR

Xəbər 1120 dəfə oxundu.