Azərbaycan nümayəndə heyəti Ədalətli Oyunlar Hərəkatının yubiley mərasimində ölkəmizi təmsil edəcək
Sentyabrın 11-dən 14-dək Macarıstanın paytaxtı Budapeştdə beynəlxalq və Avropa Ədalətli Oyunlar Hərəkatlarının birgə Konqres və Baş Assambleyası və “Qala Mükafatlandırma” mərasimi keçiriləcək.

“İdmanda etik dəyərlərin təbliği - Avropa Ədalətli Oyunlar Hərəkatının 25 illiyi” mövzusunda keçiriləcək tədbirdə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti, Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) prezidenti Kristian Hinterberqer quruma üzv ölkələrin nümayəndələri, eləcə də 2018-ci ilin yekununa əsasən müəyyən olunmuş ədalətli oyun mükafatlarının qalibləri iştirak edəcəklər. Tədbir çərçivəsində Avropa Ədalətli Oyunlar Hərəkatının 25 illik yubileyi mərasimi də qeyd olunacaq. Mərasimdə ölkəmizi Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov və AzƏOK-un üzvü, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev təmsil edəcəklər.  

Qeyd edək ki, BƏOK ədalətli oyunlar hərəkatını bütün dünyada təbliğ etməklə yanaşı, 1963-cü ildən indiyədək Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir. Bu mükafatlar 4 nominasiya üzrə (“Pyer-de-Kuberten”, “Jak Roqq”, “Con Barotra” və “Villi Daum”) tanınmış idmançılara, idman xadimlərinə, rəsmi şəxslərə, KİV nümayəndələrinə və bu sahədə fərqlənən insanlara verilir.

Xatırladaq ki, ötən ilin yekunlarına əsasən təşkilata qeyd olunan nominasiyalar üzrə 40-dan çox namizədlik təqdim olunmuşdu. Bu il martın 15-16-da BƏOK-un Budapeştdə keçirilən iclasında İcraiyyə Komitəsi üzvlərinin qərarına əsasən AzƏOK tərəfindən namizədliyi irəli sürülən Gənclər və İdman naziri Azad Rəhimova “Con Borota” Dünya Ədalətli Oyun mükafatının verilməsi qərara alınıb. Qeyd edək ki, bu mükafat sentyabrın 12-də Budapeştdə keçiriləcək “Qala mükafatlandırma” mərasimində gənclər və idman naziri Azad Rəhimova təqdim olunacaq.

Tədbirin proqramına əsasən sentyabrın 11-də AƏOH-un iclası, sentyabrın 12-də Konqres, AƏOH-un 25 illik yubiley mərasimi, Qala mükafatlarma mərasimi, sentyabrın 13-də Assambleya və BƏOK-un İcraiyyə Komitəsinin iclası keçiriləcək. Assambleya çərçivəsində iştirakçı ölkə nümayəndələri arasında interaktiv seminar təşkil ediləcək, ədalətli oyunlar hərəkatının müxtəlif askpektlərdən təbliğ və inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılacaq.

Qeyd edək ki, Konqres və Assambleya iştirakçıları tədbir zamanı Budapeştdə keçiriləcək Ümumdünya Şəhər Oyunlarını izləmək imkanı da əldə edəcəklər.

Xəbər 711 dəfə oxundu.