"Tokio-2020"də taekvondonu "Matrisa" kimi izləyəcəksiniz
Texnoloji innovasiyaların vətəni sayılan Yaponiya "Tokio-2020" Yay Olimpiya Oyunlarında təkcə xidmət sahəsində deyil, yarışlara, növlərə də yeniliklər gətirəcək. Bu xüsusda elan edilən daha bir texnoloji sistem maraq doğurur.

Məlumata görə, vətəni Koreya olan taekvondo qarşıdakı olimpiadada əsaslı transformasiya olunacaq. Döyüşləri 4-ölçülü kameralar təqib edəcək. Bu isə idmançıların hərəkətini «matrisa üslubu»nda izləməyə imkan verəcək. Məşhur filmi izləyənlər üçün bunun nə demək olduğu aydındır: döyüşlərin görüntüləri 360 dərəcəlik açıq bucaq altında əldə olunacaq. Dünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çou Çjon-von deyib ki, bu unikal yenilikdir: "Sistem hamını riqqətə gətirəcək. İki il əvvəl onun sınağı məni çox həyəcanlandırmışdı. Tamaşaçılara daha effektli təsvirlərlə təqdim olunacaq. Ən vacibi xalların hesablamasına bunun təsiri daha ədalətli qərarların verilməsinə şərait yaradacaq. Çünki «matrisa» görünməyən nöqtələri izləməyə, təqib etməyə imkan verəcək. Sistemin Tokioda uğur qazanacağına heç bir şübhəm yoxdur".

Qeyd edək ki, sistem 2018-ci ildə Çinin Vuşi şəhərində keçirilmiş «Böyük dəbilqə» yarışında, cari ilin may ayında Mançesterdə təşkil edilmiş dünya çempionatında rəğbətlə qarşılanıb. Tokioda isə ona yeni əlavələr ediləcək, daha dərinləşmiş, asan və aydın forma veriləcək. Mütəxəssislər əmindirlər ki, yenilik dünya taekvondosunda köklü dəyişikliklərin təməlini qoyacaq.

Onu da əlavə edək ki, əvvəlki iki olimpiada dövründə taekvondoda əhəmiyyətli dəyişikliklər edilib. "London-2012"də ani təkrarlar və xalların elektron hesablanması sistemi tətbiq edilmişdi. "Rio-2016"da isə daha yığcam səkkizguşəli dayanq mübarizəni sıxlaşdırıb gərginliyi artırmış və hərəkətli etmişdi.

Xəbər 788 dəfə oxundu.