Fövqəladə Hallar Nazirliyinin komandalarından yeni qələbə
Avqustun 23-dən 25-dək Türkiyədə karate üzrə beynəlxalq turnir keçirilib. Bu yarışda 12 ölkədən 1500-dən çox idmançı mübarizəyə qatılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) azsport.az saytına bildiriblər ki, nazirliyin komandası İdman Sağlamlıq Mərkəzinin məşqçi müəllimi Coşqun Sadıqovun rəhbərliyi ilə üç gənc idmançımızla bu yarışa qatılaraq yüksək nəticələr göstərib. Komandanın üzvü Fatma Hacıyeva 10 yaşlı idmançılar arasında 30 kiloqram çəki dərəcəsində beş döyüş keçirib və bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub. Komandanın digər üzvü Əli Səfərov 10 yaşlı idmançılar arasında 30 kiloqram çəki dərəcəsində altı görüş keçirərək yarışın gümüş medalına layiq görülüb.

Sentyabrın 3-də FHN-in İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev gənc idmançılarla görüşərək onları qazandıqları bu nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda idmançılara müvəffəqiyyətlər arzulayıb.

Avqustun sonunda, həmçinin Yaponiyanın Tokio şəhərində karate-do üzrə 14-cü dünya çempionatı keçirilib. Bu çempionata 52 ölkədən 750 idmançı, o cümlədən ölkəmizi FHN-in komandasının ənənəvi Karate-Do Federasiyasının rəhbəri, nazirliyin Akademiyasının idman qəza-xilasetmə kafedrasının rəisi, yeddinci dan qara kəmər sahibi Əhməd Hətəmovun rəhbərliyi ilə üç idmançımız - İmran Quluzadə (65 kq), Mehman Eynalov (74 kq) və Fuad Əliyev (75 kq-dan yuxarı) təmsil ediblər. İdmançılarımız dünya çempionatında millimizi uğurla təmsil edib və Fuad Əliyev qızıl, Mehman Eynalov isə gümüş medala sahib olub.

Sentyabrın 5-də FHN-in İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev Tokiodakı dünya çempionatında fəxri pillələrə yüksəlmiş idmançıları qəbul edərək onları qazandıqları bu nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda onlara uğurlar arzulayıb.

Xəbər 769 dəfə oxundu.