Azərbaycanın üzgüçülük üzrə Paralimpiya millisi dünya çempionatına yola düşür
Azərbaycanın üzgüçülük üzrə Paralimpiya milli komandası dünya çempionatına yola düşür. Bununla əlaqədar Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov yarışa yola düşən idmançılarla görüşüb.

Komitə prezidenti idmançılara mötəbər və məsuliyyətli yarışda uğurlar arzu edib.

İ.Rəhimov qeyd edib ki, Londonda keçiriləcək dünya çempionatı olduqca məsuliyyətli yarışdır. Çünki bu yarış “Tokio 2020” Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazandırır. Bu səbəbdən də idmançılar nizam-intizamlı olmalı, məşqçilərin tövsiyələrinə əməl etməlidirlər. Nizam-intizam olan yerdə uğur da var.

Komandanın baş məşqçisi Alavərdi Culfayev idmançıların yarışa tam hazır olduqlarını qeyd edib.

Azərbaycanın üzgüçülük üzrə Paralimpiya milli komandası sentyabrın 5-16-da İngiltərənin paytaxtı Londonda dünya çempionatında iştirak edəcək. “Tokio 2020” Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya xalları qazandıran yarışda ölkəmizi Roman Saleh, Vəli İsrafilov və Şamil Şahov təmsil edəcəklər.

Xəbər 788 dəfə oxundu.