Karateçilərimiz Tokioda “Karate1 Premyer Liqa” turnirində iştirak edəcəklər
Azərbaycan milli karate komandasının üzvləri sentyabrın 6-8-də keçiriləcək “Karate1 Premyer Liqa” turnirində iştirak etmək üçün Tokioya yola düşüblər.

Azərbaycan Milli Karate Federasiyasından azsport.az saytına bildiriblər ki, federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 10 idmançı var. Məşqçilərdən kumite üzrə kişilərin baş məşqçisi Bahəddin Kandaz, böyük məşqçi Şahin Xudaverdiyev, qadınların baş məşqçisi Denis Morozov, eləcə də beynəlxalq hakim Cahangir Babayev komanda ilə bir yerdədir.

Məşqçilər heyəti liqanın Yaponiya mərhələsində 9 kişi və 1 qadın idmançının iştirak etməsini məqbul sayıb. Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (84 kq-dan yuxarı), eləcə də İrina Zaretska (68 kq) kumitedə, Roman Heydərov isə kata yarışlarında çıxış edəcək.

Dünya Karate Federasiyasının (WKF) Karate1 Seriyasından Premyer Liqa turnirlərinin 5-ci mərhələsində 79 ölkədən 649 idmançı mübarizə aparacaq. Mövsümün sonunacan liqanın Moskva (4-6 oktyabr) və Madrid (29 noyabr - 1 dekabr) mərhələləri var. Premyer Liqa turnirlərində hər qələbəyə və medal əyarına görə həm beynəlxalq, həm də Olimpiya reytinq xalları hesablanır.

Xəbər 749 dəfə oxundu.