Gənclər arasında taekvondo üzrə “Koreya səfiri kuboku” keçiriləcək
Azərbaycan Taekvondo Federasiyasının (ATF) və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə gənclər arasında taekvondo üzrə “Koreya səfiri kuboku” keçiriləcək.

Sentyabrın 13-14-də Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək yarışda 2002-2004-cü il təvəllüdlü gənc taekvondoçular dayanq üzərinə çıxacaqlar.

Yarış Azərbaycanda və bölgələrdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, Azərbaycan ilə Koreya arasında idman sahəsində əlaqələrin inkişafı, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.

“DAEDO” beynəlxalq taekvondo qaydaları üzrə keçiriləcək turnirin sonunda ilk üç yeri tutan idmançılar ATF və Koreya Respublikası səfirliyinin təsis etdiyi kubok, diplom, medallar və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Xəbər 1029 dəfə oxundu.