FHN-in İdman Sağlamlıq Mərkəzində çempion əməkdaşlarla görüş keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX), Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.

FHN-dən azsport.az saytına bildiriblər ki, görüşdə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları - XRXX-nin N saylı hərbi hissəsinin xilasedicisi gizir Gözəl Zutovanı, DYMX-nin Nəsimi rayon N saylı bölməsinin yanğınsöndürəni çavuş Orxan Mehdiyevi və TTNDA-nin sürücüsü Şahmar Nəzərovu əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, martın 15-17-də Azərbaycanda keçirilmiş qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionatının qalibi, iyunun 5-də ölkəmizdə keçirilmiş qızıl kəmər uğrunda beynəlxalq turnirin qızıl medal sahibi, sərbəst güləş üzrə dünya kubokunun sahibi, MMA üzrə Avropa və dünya çempionu, bir sıra beynəlxalq yarışların qalibi Gözəl Zutova avqustun 18-də Gürcüstanda keçirilən MMA üzrə beynəlxalq turnirdə 75 kiloqram çəki dərəcəsində çempion olub. İdmançımız oktyabr ayında Koreyada keçiriləcək sambo üzrə dünya çempionatına hazırlaşır.

Orxan Mehdiyev 2016-cı ildə Macarıstanda keçirilən kempo idman növü üzrə dünya kubokunun, 2017-ci ildə Portuqaliyada keçirilən döyüş növlərinin dünya çempioantında kunq-fu sanda üzrə gümüş medalın sahibi olub. Orxan Mehdiyev bu il avqustun 22-dən 25-dək Ruminiyanın Konstanta şəhərində keçirilən kunq-fu sanda üzrə dünya çempionatında 65 kiloqram çəki dərəcəsində çempion olub. Şahmar Nəzərov 2017-ci ildə Portuqaliyada keçirilən döyüş növlərinin dünya çempionatında kunq-fu sanda üzrə çempion olub. O, Konstanta şəhərində keçirilən kunq-fu sanda üzrə dünya çempionatında isə bürünc medal qazanıb.

İdmançılarımız noyabr ayında İtaliyada keçiriləcək MMA üzrə dünya çempionatına hazırlaşırlar.

Xəbər 796 dəfə oxundu.