“Zirvə-Astara” basketbol komandası Xorvatiyada üçüncü olub
“Zirvə-Astara” komandası Beynəlxalq Basketbol Federasiyasının (FİBA) təşkilatçılığı ilə keçirilən 3×3 basketbolu üzrə 2019-cu il dünya turundakı çıxışını başa vurub.

Basketbolçularımız Xorvatiya, Polşa, Latviya, Belarus və İsveçrə mərhələlərində qüvvələrini sınayaraq uğur qazanmağa çalışıblar.

“Zirvə-Astara”nın heyətində Amil Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams və Marşal Obrian Mozes kimi tanınmış basketbolçular oynayıblar.

Komandamız “Atupri 3×3 Swiss Tour Final Zurich”, “Ghetto Basket. Riga #13. Quest Stop”, “Palova Round 3” və “Mistrzostw Radomia 2019” turnirlərindən sonra son olaraq Xorvatiyanın Oqulin şəhərində keçirilən “StreetballOG” yarışında qüvvəsini sınayıb.

Sonuncu yarışda “Zirvə-Astara” C qrupunda yer alıb. Burada basketbolçularımız 2 oyun keçiriblər. “Nyu Strit Boyz” və “Rey Çarlz”a qalib gələn komandamız 1/4 finala yüksəlib. Burada idmançılarımız “Drvoysyeçe” komandasına 21:10 hesabı ilə qalib gələrək yarımfinala çıxıblar. “Spalato A2” ilə üz-üzə gələn “Zirvə Astara” 11:21 hesabı ilə məğlub olub. Ancaq üçüncü yer uğrunda qarşılaşma uğurlu alınıb. Basketbolçularımız bürünc medal uğrunda mübarizədə “Tesla”ya 21:19 hesabı ilə qalib gələrək fəxri kürsüyə qalxmağı bacarıblar.


Xəbər 989 dəfə oxundu.