Boksçularımız olimpiya lisenziyası uğrunda London və Parisdə yarışacaqlar
Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının ən qalmaqallı və taleyi naməlum olan boks növü üzrə yarışları üzrə qərarını açıqlayıb. Dəri əlcək ustalarının təsnifat turnirlərinin vaxtı və keçirəcəyi məkanlar elan edilib.

Boksçularımız Tokioya vəsiqəni Londonda və Parisdə əldə edə biləcəklər. Avropa təsnifat yarışı gələn il martın 13-dən 23-dək Böyük Britaniya paytaxtında keçiriləcək. Burada istəyinə çata bilməyənlər bütün qitə yarışları başa çatdıqdan sonra keçiriləcək dünya təsnifatına da qoşula biləcəklər. Fransa paytaxtı Paris dünya seçmə turnirinin ev sahibi olacaq. Öz zonası üzrə lisenziyasız qalan iddiaçılar mayın 13-dən 24-dək son olimpiya lisenziyalarına sahib çıxmağa çalışacaqlar.

Digər qitələr üzrə yarışların cədvəli belədir:

Asiya və Okeaniya zonası üzrə təsnifat yarışları gələn il fevralın 3-dən 14-nə kimi Çinin Uxan şəhərində keçiriləcək.

Afrikanın olimpiyaçıları həmin ay müəyyən olunacaq. İddiaçılar fevralın 20-dən 29-dək Seneqal paytaxtı Dakarda rinqə çıxacaqlar.

Amerika qitəsi üzrə turnir 2020-ci il martın 26-dan aprelin 3-dək Argentina paytaxtı Buenos Ayresdə baş tutacaq.


Xəbər 771 dəfə oxundu.