Azərbaycan kanoeçiləri dünya kubokunda çıxış edəcəklər
Mayın 18-də Polşanın Poznan şəhərində kayak və kanoe üzrə dünya kubokunun I mərhələsi start götürəcək. İdman.com.az saytı xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycanı 4 kanoeçi təmsil edəcək.

Bunlar Sergey Bezuqlı, Maksim Prokopenko, Adnan Əliyev və Andrey Kraytordur. Kraytor 1-nəfərlik qayıqla 200 metr və 500 metr, Əliyev 1000 metr və 5000 metr məsafələrə yürüşlərə qatılacaq. Bezuqlı – Prokopenko dueti isə 2-nəfərlik qayıqla 200 metr, 500 metr və 1000 metr məsafələri qət edəcək. Kanoeçilər milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında çıxış edəcəklər. Mayın 12-də səfərə çıxan nümayəndə heyətinə Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyeva başçılıq edir.

Qeyd edək ki, Adnan Əliyev dünya kubokunun I mərhələsi öncəsi 16-17 mayda elə Poznanda London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa olimpiya təsnifatında mübarizə aparacaq. O, 1-nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə ilk 2 pillədən birini tuta bilsə, olimpiadaya vəsiqə qazanacaq. Sergey Bezuqlı – Maksim Prokopenko dueti isə artıq 2-nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə hələ ötən il dünya çempionatında olimpiya vəsiqəsinə yiyələnib.

Xəbər 1098 dəfə oxundu.