Braziliya Ciu-citsusu və Xidməti Tətbiqi İdman Növləri Assosiasiyasının təsis konfransı keçirilib
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin bazasında yeni yaradılan Braziliya Ciu-citsusu və Xidməti Tətbiqi İdman Növləri Assosiasiyasının təsis konfransı keçirilib.

Konfransda Azərbaycan-Braziliya Ciu-citsu Məktəbinin rəhbərləri, o cümlədən Türkiyənin İzmir şəhərindən, Sumqayıt, Ələt, Suraxanı, Qusar, Gəncə və digər rayonlardan nümayəndələr iştirak ediblər.

Tədbirdə Assosiasiyanın prezidenti vəzifəsinə seçki keçirilib.
Konfransa sədrlik edən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Rəsul Məmmədov Azərbaycan Taekvondo Federasiyasının və Azərbaycan Karate Federasiyaları Assosiasiyasının birinci vitse-prezidenti, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi Füzuli Musayevin namizədliyini irəli sürüb. F.Musayev yekdilliklə Assosiasiyanın prezidenti vəzifəsinə seçilib.

F.Musayev göstərilən etimada görə minnətdarlıq edərək Assosiasiyanın fəaliyyətinin genişləndirilməsi, Braziliya ciu-citsusunun və xidməti tətbiqi idman növlərinin inkişaf etdirilməsi üçün bacarıq, səy və xidmətlərini əsirgəməyəcəyini bildirib. Qeyd edib ki, qarşıda duran əsas məqsəd gənclərimizi idmanın bu növünə cəlb etməklə sağlam həyat tərzinin formalaşması, onların sağlam böyüməsi, inkişafı və beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etməsinə nail olmaqdır.
Braziliya Ciu-citsu klubu İctimai Birliyinin rəhbəri Taleh Həsənov Assosiasiyanın birinci vitse-prezidenti, uzun müddət Daxili İşlər Nazirliyinin əlbəyaxa döyüş mərkəzinin rəhbəri, xidməti tətbiqi idman növlərinin inkişafında səy və xidmətləri olmuş İdman Sağlamlıq Mərkəzinin hüquqşünası Həmid Məmmədov baş katibi, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Rəsul Məmmədov texniki direktor, ölkəmizdə cüdonun inkişafına töhfələr vermiş Zaur Rəcəbli isə Assosiasiyasının məşqçilər komitəsinin sədri vəzifələrinə təyin ediliblər.

AZƏRTAC

Xəbər 854 dəfə oxundu.