Gənclər və idman naziri yeniyetmə şahmatçılarla görüşüb
Avqustun 26-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində 2019-cu ilin avqust ayında Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilmiş şahmat üzrə yeniyetmələr arasında şəxsi Avropa birinciliyində mükafatlar qazanmış Azərbaycan şahmatçıları, onların məşqçiləri və valideynləri ilə görüş keçirilib.

Görüşdə Gənclər və İdman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Faiq Həsənov, Mahir Məmmədov və digər rəsmi şəxlər iştirak ediblər.

Nazir Azad Rəhimov gənc idmançıları ürəkdən təbrik edib, onların bu nailiyyətlərini Azərbaycan şahmatçılarının daim dünya arenalarında qazandıqları böyük uğurların davamı kimi qiymətləndirib. Daha sonra Azad Rəhimov Azərbaycan şahmatının ənənələrindən, ölkəmizdə təşkil edilən Ümumdünya Şahmat Olimpiadası, Dünya Kuboku, super-turnirlər və beynəlxalq şahmat festivalları kimi tədbirlərdən söz açıb, Azərbaycan dövləti və şəxsən Azərbaycan Respublikasınn Prezidenti cənab İlham Əliyev tərəfindən bütövlükdə Azərbaycan idmanına olduğu kimi, ölkədə şahmata da göstərilən diqqət və qayğıdan danışıb.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov bütün şahmatçılar adından göstərilən qayğıya görə dövləT başçımıza və Gənclər və İdman Nazirliyinə öz təşəkkürünü bildirib.

Görüşün sonunda nazir Azad Rəhimov Avropa birinciliyində mükafatlar qazanmış gənc şahmatçılara Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanlarını və pul mükafatları təqdim edib.

Xatırladaq ki, Avropa birinciliyində 14 yaşadək qızlar arasında Ayan Allahverdiyeva və 8 yaşadək qızlar arasında Dinara Hüseynova qızıl, 8 yaşadək qızlar arasında Səadət Bəşirli gümüş, 8 yaşadək oğlanlar arasında Yusif Kərimli və 10 yaşadək oğlanlar arasında Cahandar Azadəliyev bürünc medal qazanıblar. Ümumi hesabda Azərbaycan komandası Rusiya kollektivindən sonra Avropa birinciliyində ikinci nəticə göstərib.

Xəbər 1374 dəfə oxundu.