Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatında ikinci qələbəsini qazanıb
Avqustun 26-da qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi Avropa çempionatında ikinci qələbəsini qazanıb.

C qrupunda mübarizə aparan millimiz üçüncü turda Macarıstan yığması ilə qarşılaşıb. Bosniya və Herseqovinadan olan baş hakim Sinisa Ovukanın idarə etdiyi oyunda millimiz 3:0 (25:21, 25:15, 25:22) hesabı ilə qalib gəlib.

Millimiz ilk oyunda Xorvatiya yığmasını 3:2 hesabı ilə məğlub edib. İkinci qarşılaşmada isə Hollandiyaya uduzub - 0:3.

Hesabında 9 xal olan Hollandiya seçməsi qrupda birinci pillədə yer alıb. Rumıniya 6 xalla ikinci, Azərbaycan 5 xalla üçüncü, Xorvatiya 4 xalla dördüncü, Macarıstan isə 3 xalla beşincidir. Xalı olmayan Estoniya millisi isə qrupda sonuncu yerdədir.

Millimiz növbəti oyununu avqustun 28-də Estoniya komandasına qarşı keçirəcək.

C qrupunun oyunları Budapeştdə təşkil olunub.

Azərbaycan millisinin heyətində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Kseniya Pavlenko, Mariya Kirilyuk, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyeva yer alıb.

Millimiz Avropa çempionatlarında 2005-ci ildə debüt edib. Xorvatiyada təşkil olunan qitə birinciliyində Azərbaycan millisi dördüncü olub. Səkkizinci dəfə Avropa birinciliyində gücünü sınayan yığmamız öncəki çempionatlarda mükafatçılar sırasına düşə bilməyib.

Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.

Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.

Çempionata sentyabrın 8-də yekun vurulacaq.

Xəbər 887 dəfə oxundu.