Yeniyetmə boksçularımızdan 15 medal
Şağan Olimpiya-İdman Kompleksində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub. Boks Federasiyasından idman.com.az saytına verilən məlumata görə, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan, Hindistan, Özbəkistan, Macarıstan, Bolqarıstan, İsrail, Türkiyə və Gürcüstan boksçuları da iştirak ediblər.

Milli komandamız yarışda 3 heyətlə mübarizə aparıb. Yığmamızın üzvləri 5 qızıl, 5 gümüş və 5 bürünc medala sahib olublar. Elnur Şəfizadə (48 kq), Tayfur Əliyev (50 kq), İman Əhmədli (60 kq), Nicat Sadıqov (75 kq) və Məhəmmədəli Tahirov (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sirac Süleymanov (63 kq), Ramin Hacıyev (66 kq), Şamil Əliyev (70 kq), Orxan Əliyev (80 kq) və Sahib Şükürov (+80 kq) yalnız həlledici görüşdə uduzaraq, 2-ci yerlə kifayətləniblər. Rüfət Hüseynov, Elşən Abbasov, Məsud Yusifzadə, Cavid Quliyev və Çingiz Hacıyev 3-cü yerə layiq görülüblər.

Digər çəki dərəcələrində Daniel Lapin, Vitali Tereşuk, Aleksey Tokarçuk (hamısı Ukrayna), Naven Kumar Kakara (Hindistan), Aleksey Lomonosov (Rusiya), Şahromjon Yadigarov (Özbəkistan), Ramazan Tenekel (Qazaxıstan), Blaqoy Naydenov (Bolqarıstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 1077 dəfə oxundu.