Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti millimizin üzvləri ilə görüşüb
Yaponiyanın paytaxtı Tokioda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov 3 gündən sonra start götürəcək dünya çempionatı ərəfəsində milli komandamızın üzvləri ilə görüşüb.

Kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və qadın millisinin baş məşqçisi Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis, həmçinin millimizin üzvləri mundialda layiqli nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.

S.Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara dünya çempionatında uğurlar arzulayıb.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı avqustun 25-dən sentyabrın 1-dək Tokioda keçiriləcək. Olimpiya Oyunları öncəsi sonuncu dünya çempionatında 148 ölkədən cüdoçular mübarizə aparacaqlar.

Azərbaycanı nüfuzlu yarışda 15 cüdoçu (8 kişi, 7 qadın) təmsil edəcək.


Xəbər 684 dəfə oxundu.