Binqədidə “Gənclik Günü” layihəsi həyata keçirilib
Avqustun 16-da Binəqədi Gənclər evində Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Binəqədi Gənclər evi sosial xidmət müəssisəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və UNICEF-in Azərbaycan nümayəndəliyinin tərəfdaşlığı ilə Beynəlxalq Gənclər gününə həsr olunmuş “Gənclik Günü” layihəsi həyata keçirilib.

Layihəyə təcrübəli mütəxəssis Kənan Məmmədovun yoqa sessiyası ilə start verilib. Sonra Binəqədi Gənclər evinin akt zalında yeniyetmə və gənclər arasında Dama və Şahmat turnirləri keçirilib. Hər iki turnirə Xalidə Həsənova və Ramil İmanov hakimlik edib.

Dama turnirinin nəticəsinə görə, birinciyə Cavad Cəfərli, ikinciyə Məhəmməd Məmmədov, üçüncüyə Daşqın Həsənli, şahmat turnirinin nəticəsinə görə, birinci yerə Nuray Məmmədova, ikinciyə Amal Vəliyev, üçüncüyə Zeynəb Həsənova, “Xəmsə” Milli intellektual oyununda birinciyə Səyyar Qurbanov, ikinciyə Elvin Əliyev, üçüncüyə Yusif Ağayev, Futbol turnirində birinciyə AFFA, ikinciyə Bilbao, üçüncü yerə Marşal komandaları layiq görülüblər.

Sonda qaliblərin mükafatlandırılması mərasimində, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, Binəqədi Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, UNICEF-in Azərbaycan nümayəndəliyinin ofisinin gənclərlə iş şöbəsinin əməkdaşı Mina Hüseynova iştirak edərək qalibləri təbrik etmiş, yeniyetmə və gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının səmərəli təşkili məqsədilə görülən işlər haqqında məlumat veriblər.

“Gənclik Günü” layihəsi musiqili əyləncəli proqramla davam etdirilib.

Xəbər 1175 dəfə oxundu.