Oyun axtarışları davam etməlidir
Avropa kubokları-2019-2020

Bakıda səfər nəticələrinə aldanmaq olmaz

Azərbaycan futbol klublarının Avropa kubokları uğrunda mübarizəsinin ikinci təsnifat mərhələsi daha bir klubun arenadan uzaqlaşması ilə yadda qala bilər. Yarışa bu mərhələdə qoşulan "Qəbələ" doğma divarlar arasında keçirdiyi ilk matçda qonşu ölkənin titullu rəqibinə tutarlı hesabla məğlub oldu. Digər iki təmsilçimiz isə səfərdən ümidverici nəticələrlə geri döndü.

Əlbəttə, "Qəbələ"dən böyük sürpriz gözlənilmirdi. Büdcəsini əsaslı şəkildə azaldıb, əsasən, öz yetirmələrinə güvənməyə başlamış kollektiv üçün bu yarış, sadəcə, bir sınaq xarakteri daşıyırdı. Əlbəttə, vaxtilə məhz bu istiqamətdə davamlı kurs aparmağın vacibliyini qeyd edərkən məhz bunları nəzərdə tuturduq. Bütün klublarımız arasında aşağı yaşlılar üzrə daha fəal iş görən bir komanda bütün planlarını futbolçuların təcrübi uğurları üzərində quraraq, daha uyğun seleksiya və skautçuluqla məşğul olmalı, yetişdirdiyi futbolçular üçün optimal hazırlıq təlim-tədris və metodiki planlar qurmalı idi.

Bununla belə qarşılaşma əyani nümayiş etdirdi ki, taktiki hiylə ilə bu rəqibə qalib gəlmək də mümkündür. Komandanın hazırlığı dövründə əsas diqqət məhz heyətin potensialına hesablanaraq qurulmalı və optimal forma axtarılmalı idi. Bunu isə, deyəsən, yalnız mövsümün gedişində görə biləcəyik. Elə futbolçuların optimal hazırlıq səviyyəsində olmadıqları da görüşdə açıq-aydın özünü büruzə verdi. Psixoloji təziyiqi də əlavə etsək, məğlubiyyət qaçılmaz idi və nəticə obyektivliyin göstəricisidir. Bununla belə ümidləri tam tükənmiş saymaq olmaz. Bəlkə də ilk görüşdə rəqibin göstərdiyi oyun və imkanları qiymətləndirərək səfərdən münasib nəticə ilə qayıtmaq mümkündür. Bunun üçün məşqçi korpusu ənənəvi taktiki gedişlərdən kənara çıxmalıdır. Doğma divarlar arasında keçirilən görüşün daha bir məqamı "Qəbələ"nin özünə uyğun oyun planı ilə oynamaması oldu. Daxili çempionatda ötən mövsümün ikinci yarısında komandanın nümayiş etdirdiyi futbol təfəkkürünü də davam etdirmək olardı.

"Qarabağ"la "Neftçi"nin problemi eynidir. Məşqçilərin taktiki standartlara baxışında dəyişiklik olmalıdır. "Neftçi"nin bəxti onda gətirdi ki, sükançısının ikinci hissədə təlqin etdiyi tərzlə qapısından qol buraxmadı. "Qarabağ" isə elə də böyük olmayan təzyiq qarşısında büdrədi. Halbuki "Neftçi"dən çox məhz Ağdam klubunun səfərdən qələbə ilə qayıtması real görünürdü.

Hətta erkən qollardan sonra qarşılaşmanın ipini yığmağı bacaran Azərbaycan çempionu bu dəfə ənənəsinə sadiq qala bilmədi. Ön xətlə yanaşı, ötənilki yay fəslində olduğu kimi, quruculuqda yeniliklərə zərurət yaranıb. Arxa xətdə nəsil dəyişikliyi probleminin yaşanmaması üçün yeni cəhdlərə, yeni təravətə ehtiyac var. Bəlkə də məşqçi korpusu elə buna görə futbola baxış standartlarını dəyişməyə meyilli olmalıdır. Ümumiyyətlə, əvvəlki qrup mərhələlərində "Qarabağ"ın ən böyük problemi məhz şablonları, ehkamları dağıda bilməməsi idi. Eyni şablonda qalmaq üçün klub Avropa standartları ilə top klublara yaxın olmalıdır. Əks təqdirdə rəqiblərin imkanlarını nəzərə almaq və buna uyğun taktiki-strateji hədəfləri müəyyənləşdirmək lazımdır. Çempionun funksional hazırlığında da kifayət qədər çatışmazlıq var. Söz yox ki, bütün bunları yalnız Çempionlar liqası standartları ilə qeyd edirik.

"Neftçi"də sükançı futbolçu heyəti ilə şəxsi düşüncələrinin uzlaşmasında böyük problemlər yaşayır. "Ağ-qaralar"ın fəlsəfəsinə yenilik gətirmək üçün italiyalı mütəxəssis tamamilə fərqli oyun planı qurmalıdır. Digər tərəfdən onun ənənəvi kalçomaniya tərzi ilə "Neftçi"nin mövcud heyətinin oyun tərzi və səviyyəsi arasında kəskin fərqlər var. Bu fərqlərin özülü fiziki hazırlıq və ümumi potensial göstəricilərdə, hətta bəzi hallarda qavramada axtarmaq lazımdır. Bu mənada, bir az kobud müqayisə olsa da, Kannavronun karyerasının zirvəyə çatdı vaxtlarda İspaniyada yaşadığı problemlərlə müqayisə etmək də olar. Bəlkə də qarşılaşmanın mövsümün hazırlıq ovqatlı mərhələsinin ilk dövrlərinə təsadüf etməsi təsirin göstərir. Digər yandan, böyük oyunların təcrübə qıtlığı da aşkar görünür. Elə bu səbəbdən hər dəfə icmallarımızda komandalarımızın transfer siyasətində bu məsələlərə diqqət etməsini xüsusi vurğulayırıq.

Ümumən, "Arsenal" deyil, başqa və daha iddialı bir klub olsaydı, yəqin ki, "ağ-qaralar"ın ikinci hissədə oyuna yanaşma tərzini rəqib bağışlamaz, böyük sevinci qəfil kədərə çevirərdi.

İndi ümid edək ki, "Neftçi"nin sükançısı ev oyununda ötənilki və ona xas ənənəvi səhvlərə yol verib, qarşılaşmanı sırf arxa plandan əks-hücuma doğru qurmayacaq. Elə "Qarabağ"ın da səfərdə vurulan qola güvənməsi faciəyə apara bilər.
Bir sözlə, Bakıda komandalarımızı daha fəal görməliyik. Yəni səfərdə rəqiblərin qapılarından keçirilən topların üstünlüyünə güvənmək olmaz. Çünki Bakıya daha həvəsli rəqiblər gələcək.

BATI YAR

Xəbər 939 dəfə oxundu.