25 ilin nailiyyətləri növbəti 25 ilin inam körpüsüdür
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi - 25

Əsrin əsrə bərabər dörddə bir hissəsinin işığında

Müstəqil Azərbaycanın gənclər və idman sahəsində qanunvericiliklə müəyyən edilmiş siyasətini tənzimləyən, dövlət proqlamları, planlar və konsepsiyaların hazırlanması və həyata keçirilməsini təmin edən, beynəlxalq münasibətləri quraraq inkişaf etdirən və s. mühüm vəzifələri layiqincə yerinə yetirən Gənclər və İdman Nazirliyinin fəaliyyətə başlamasının əsrin dörddə birinə bərabər, əslində isə, görülən işlərin miqyasına görə əsrə bərabər bir erası artıq geridədir.

Bu 25 ildə gələcəyimizin rəmzi olan gəncliyin müstəqil dövlətin aparıcı qüvvəsinə çevrilməsi, sağlam cəmiyyətin rəhni olan bədən tərbiyəsi və idmanda qazanılan nailiyyətlər müasir Azərbaycanın simasını müəyyən edən fenomen kimi diqqət çəkir.
Cəmi 25 il ərzində qanunauyğunluq statusu almış bu yol heç də rəvan və asan qurulmayıb.

Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılması ilə Azərbaycan, sadəcə, azadlığını əldə etmədi. Heç də ucuz başa gəlməyən müstəqillik, üstəlik, bütün ağırlığını hiss etdirən ictimai-siyasi formasiya dəyişikliyi, yeni iqtisadi münasibətlərin həqiqətləri dövlətimizi çətin sınaqlar qarşısında qoyduğu bir vaxtda məkrli düşmənin göz dikdiyi torpaq naminə savaşın təsirləri və bu xüsusda qütbləşmiş hakimiyyət uğrunda mübarizə ümumi mənzərəni daha da kəskinləşdirməklə cəmiyyəti qeyri-müəyyənliyə sürükləmişdi. Bir əsrdə ikinci dəfə qazanılan müstəqilliyin üzərini də Domokl qılıncı kəsdirmişdi.

1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ən qısa zamanda həll etməli olduğu problemləri dəqiq müəyyən etməli idi. Böyük təcrübə, dahi siyasət bilicisi, ölkəsinin, xalqının dərdlərini, istəyini, arzularını, onun milli və mənəvi xarakterini dəqiq bilən böyük rəhbər elə ilk addımlarından vaxtilə özünün də yetişməsində böyük rol oynadığı nəsillə bərabər gəncliyə də böyük ümid bəslədiyini bəyan etdi. Gənclər və idman siyasəti onun yeni Azərbaycanın simasını müəyyən edən kursunda mübaliğəsiz ən əsas yerlərdən birnini tutdu. Dövlətin gələcəyi cəmiyyətin məhz bu aparıcı qüvvəsi üzərində quruldu.

Məqsəd aydın idi. Qarabağ və ona yaxın bölgələrdə davam edən mücadilədə düşmənlə üz-üzə olan qüvvənin özəyini təşkil edən gənclik idi. Ağır sosial-iqtisadi sarsıntıların, hakimiyyət savaşının psixoloji gərginliyinin cəmiyyəti sürüklədiyi mənəvi uçurum, ən nəhayət, milli xarakterimizə zidd olan nihilizmin təntənəsinin təhlükəsi və boşluq tendensiyası ilk zərbəsini məhz gəncliyə, deməli ölkəmizin gələcəyinə vurmaqda idi.

Belə bir mürəkkəb zəmində ölkə üçün həlledici qərarlardan birini verən Heydər Əliyev 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzaladı.Çox keçmədi və onun müdrik qərarının əsassız olmadığını təsdiqləyən hadisə baş verdi. 1995-ci il mart ayının 5-də - bu gün bədən tərbiyəsi və idman günü kimi qeyd etdiyimiz tarixdə - Heydər Əliyev bir qrup idman veteranı və öncülü ilə görüşdə nazirliyin əhəmiyyətini və prioritet istiqamətləri müəyyənləşdirən qərarını açıqladı: "Azərbaycan Prezidenti kimi şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürürəm. Azərbaycan gənclərinə xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz". O gündən bir çox ənənələrin təməl daşı, böyük gələcəyin özülü qoyuldu.

Ötən 25 ildə istər gənclər siyasətində, istərsə idmanda əldə olunan nailiyyətlər bunun əyani göstəricisi, nümunəsi, vəsaiti və konseptual inkişaf proqramıdır. Əlbəttə, boşluq təkcə milli-mənəvi aspektdə deyil, yeni yaranan hər bir dövlət üçün qanuni bazadan, hüquqi-normativ müstəvidən, daha sonra məqsədyönlü proqramların həyata keçirilməsindən, təşkilatlanmadan, bir sözlə, vahid amal, məqsəd və ideallar ətrafında cəmlənmədən başlanır.

Heydər Əliyevin qərarının təsdiqi və dövlətçilik təfəkkürünün daha bir həqiqəti var: dövlət himni iki halda bayrağın yüksəldilməsi ilə təntənəli səslənir -dövlət başçısının və bir də onun qalib idmançısının şərəfinə. Azərbaycanı tanıtmağın, dünyaya qəbul etdirməyin iqtisadi tərəfi energetika layihələrinə bağlı idisə, digəri daha əhəmiyyətli, ələlxüsus milli varlığın, milli kimliyin göstəricilərindən biri kimi idman nailiyyətlərinə bağlı olan kurs idi.

Əlbəttə, dövrün öz çətinlikləri də var idi. İdman nailiyyətləri beynəlxalq arenaya çıxış olmadan, iqtisadi inkişafa çatmadan mümkün deyildi. Torpağında müharibə gedən bir ölkənin dünyaya inteqrasiyası da mümkün deyildi. Hələ qəliblənmiş mifin, o cümlədən düşmənin lobbiçilik marağına tabe olan münasibətin dağıdılmasında idman nailiyyətləri də az rol oynamadı.

Nazirlik yaradıldıqdan sonra idmanın inkişaf diaqramını cızmaq istəsək, keçilən yolu bir neçə mərhələdə göstərmək olar. Onlardan birincisi və ən mürəkkəbi məhvə sürüklənən təsərrüfatı qorumaq, biznes alətinə çevrilərək dağıdılan obyektləri yenidən sahibinə - idmançıya, gəncə qaytarmaq idi. Eyni zamanda, yeni planlarla fərqli addımları daha uzaq məqsədlər naminə atılmalıydı. Bunun üçün Vətəni tərk etmiş idmançıların qayıtması, regionlarda dayaq idman növlərinin yenidən müəyyənləşdirilməsi, dövrün tələblərinə cavab verən növlərə yol açılması, ölkədə ümummilli idman dəyərlərini müəyyən yerli və respublika miqyaslı yarışların bərpa və müntəzəmliyinin təmin olunması, federasiyaların yenidən təşkilatlanmasına və müstəqil fəaliyyətinə dəstək olunması vacib idi. Belə şəraitdə liderin vəd etdiyi daimi qayğının təzahürü özünü göstərməliydi.

1996-cı ildə Heydər Əliyevin Atlanta Oyunlarına yolasalma mərasimi və daha sonra idmançılarla daha bir görüşündən sonra yeniliklərin praktiki təməli qoyuldu. Az sonra idman ictimaiyyətinin tələbi ilə bu sahədə böyük himayədarlığını göstərən İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi əhəmiyyətli hadisə oldu. Biri rəsmi dövlət, digəri isə ictimai əsaslı olmaqla, bir-birini tamamlayan iki böyük qurumun həmrəy, həmfikir fəaliyyəti ilə daha böyük sıçrayışa nail olundu.
İdmanda yüksəlişin ikinci mərhələsinin təməli həmin dövrdə qoyuldu və növbəti əhəmiyyətli qərar gələcək nəsillərin yetişdirilməsi ilə bağlı oldu. Ölkədə idman hərəkatının yeni simasını müəyyən edən respublika yeniyetmə Oyunları başlandı. Heydər Əliyevin möhtəşəm final tədbirində iştirakı bu kursun qəti qələbəsini müəyyənləşdirdi.

Yüksəlişə aparan yolun üçüncü mərhələsi 2000-ci ilin Sidney Oyunlarından sonra başlandı. 2 qızıl və 1 bürünc medal nailiyyətlərə doğru ən qısa yolun mümkünlüyünü göstərdi. Paytaxtın Nərimanov rayonunda istifadəyə verilən ilk olimpiya idman kompleksi quruculuğun, idmanda qaçılmaz və vacib şərt olan maddi-texniki baza anlayışının təməlini atdı.

Bu gün sayı 50-yə yaxınlaşan belə komplekslər, tikilən və təmir-bərpa olunan onlarla qurğu Azərbaycanda yeni nəsli yetişdirən əsas mərkəzləşmiş idman məbədlərinə çevrilməkdədirlər. Yeni iqtisadi şəraitdə və növlər üzrə idman uğurlarının genişlənməsi ilə bu komplekslərin rolu gələcəkdə daha da artacaq. Çünki bu məbədləri məhz bir çox növlər üzrə qrupların açılmasına imkan verir. Beləcə, onlar hər regionda sağlam mühitin formalaşdırılmasına kömək edir, həmçinin milli və beynəlmiləl səviyyədə tədbirlərin təşkil edilməsinə zəmin yaradır. Bu gün ölkəmizin istnilən regionunda asanlıqla beynəlxalq yarış təşkil etmək olar. O illərdə isə inad və böyük iradə sayəsində, bir çox hallarda MOK prezidenti, həm də diplomatik bacarığının bəhrəsi kimi şəxsən İlham Əliyevin gərgin əməyi və səyləri ilə ölkəmizə beynəlaxalq yarışlar həvalə olunurdu.

Voleybol, həndbol, güləş, boks, cüdo və daha sonra otüstü hokkey, şahmat, taekvondo, gimnastika, futbol və digər növlərdə ölkədə keçirilən beynəlxalq miqyaslı mötəbər yarışlar, tədbirlər çox keçmədi yarışların təşkilində Azərbaycanı ən yüksək səviyyəli və etibarlı tərəfdaşa çevirdi.

Söz yox ki, ötən 5 il bu mənada ölkəmizi idman təşkilatçılğının apogeyinə çatdırıb. Təşkilatçılıqda zirvə anı dünyaya olimpiya oyunları kimi möhtəşəm idman bayramını bəxş etmiş Avropanın özünün ilk tədbirini məhz Azərbaycanda keçirməsi oldu. Bu cürəti heç kim üzərinə götürə bilməyəndə, Azərbaycan qitəyə artıq ənənə halını alacağına heç bir şübhə olmayan - olimpiya oyunlarından geri qalmayan bir vüsət və mütəşəkkilliklə təşkil etdiyi Avropa Oyunlarını hədiyyə etdi. Azərbaycan Oyunların standartlarını müəyyənləşdirməklə yanaşı, daha bir nümunəni göstərdi. Son dövrlər olimpiya oyunlarının ev sahibi olan ölkələrdə böyük qalmaqallarla, böhranlarla müşayiət olunan hazırlıq prosesinə vərdişə çevrilib. Azərbaycan isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsinin səyləri ilə cəmi 30 aylıq qısa bir vaxtda, həm də böyük novatorluq ruhu ilə Avropaya yeni yarış formatı bəxş etdi.
Ötən 5 il ərzində keçirilən yarışlardan xüsusilə seçilənləri arasında 2016-cı ildə Dünya Şahmat Olimpiadası nümunəvi təşkilatçılığı ilə seçilən bir tədbir kimi diqqəti çəkdi. 2017ci ildə İslam Hərəylik Oyunları kimi hələ də öz yolunu arayan daha bir çoxnövlü idman yarışı Azərbaycanda bu eniş-yoxuşundan qurtuldu və dönməz hərəkata çevrildi. Bu günlərdə isə Avropa yeniyetməliərinin olimpiya festivalı bu sıraya yazılan hadisə kimi tarixdə yerini aldı.

Günümüzün idman hadisələri sırasında olimpiya oyunları ilə müqayisə edilən böyük futbol bayramları da var. Vaxtilə hərbçilərin, daha sonra qızların, yeniyetmələrin, gənclərin beynəlxalq nüfuz qazanan yarışlarına evsahibliyi edən Azərbaycan dünya və Avropa çempiontları, eləcə də UEFA Çempionlar liqasından sonra dünya miqyaslı yarış olan UEFA Avropa liqasının final matçına da bu il ev sahibliyi edib. Növbədə 2020-ci il Avropa çempionatının final mərhələsinin qrup və pley-off matçları yer alır.

Belə yarışlar sırasına nüfuzlu və tamaşaçı auditoriyası ilə seçilən avtoyürüşçülərin "Formula-1" qran-prisinə evsahiblikdən də bəhs etmək lazımdır. Bu gün fəxrlə deyirik ki, mürəkkəb quruluşlu yarışın ən maraqlı və baxımlı şəhər trası mərhələsi statusu Monakodan Bakıya ötürülüb. Onun gərgin və ekstremal rəqabəti "ilin hadisəsi" sayılır.

Təşkilatçılıqla bağlı, Naxçıvanda keçirilən gənc şahmatçıların dünya çempionatı, Şəmkirdə hər il ən güclü qrossmeysterlərin ənənəvi sammiti, veloşoseçilərin bir neçə regionu əhatə edən "Azərbaycan turu", Qubada voleybol millilərinin təsnifat yarışı, Lənkəranda beynəlxalq futbol matçları, Mingəçevir reqataları və s. yarışlar regionlarımızın mərhələ ilə təşkilatçılıq imkanlarını genişləndlirir, yeni idmançı nəslinin yetişməsinə xüsusi təkan verir.

Nailiyyətlərinin rəsmi rəqəmlərin dili ilə ifadə olunan kəmiyyəti ilə yanaşı, bu gün ən mühüm cəhəti keyfiyyətlə balıdır. Ötən illərdə təkcə olimpiya nailiyyətlərinin, medalların sayı artmayıb. Əyar göstəricisindən çox növlərin sayı, onların çeşidinin dövrdən-dövrə dəyişməsi ölkəmizdə idmanın təməl sütununun möhkəmlənməsinə, genişlənməsinə töhfədir. Hər bir sağlam cəmiyyət üçün bu, fərəh mənbəyi, gələcəyi müəyyən edən faktordur.

Nailiyyətlər yeni nəslin zəfərləri olmadan mümkün deyil. 1990-cı illərdə qoyulmuş binanın təməli belə möhkəm və etibarlı olmasaydı, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi kurs etibarlı əllərə təslim edilməsəydi, yəqin, indi yüksəlişlərdən, dayanıqlıqdan, böyüyən idman ictimaiyyətindən danışmazdıq.

Gələcəyə inamın daha bir əsası var. Zaman yerində saymadağı kimi, dövrün şərtləri də dəyişir. Azərbaycan dövlətçiliyi bu çevikliyini hər zaman nümayiş etdirir. Vaxtında verilmiş qərarlar bunun örnəyidir. Bu xüsusda 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yenidən təşkil olunması, sadəcə, formal yeniləşmə olmadı - növbəti mərhələnin başlanğıcı kimi sonradan özünü təsdiqlədi. O qərardan sonra idman və gənclər siyasətinin əsas icra orqanının qarşısında dövrün tələbinə uyğunyeni perspektiv vəzifələr müəyyənləşdirildi.

Yeniləşmə misalı kimi, sonrakı qərarlardan da bəhs edə bilərik. Prezidentin fərmanı ilə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, 2007-ci ilin Azərbaycanda "Gənclər ili" elan edilməsi, Azərbaycan gəncliyinin 2011-2015-ci, daha sonra 2017-2021-ci illər inkişaf, 2007-2015-ci illəri əhatə edən xarici ölkələrdə təhsil proqramları, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası kimi layihələr və s. gəncliyin yeniləşən dünyasını müəyyən etdisə, idman uğurlarını çeşidli qərarlar göstərdi. İdmanda ən təsirli qərarlardan bəhs edərkən, dövlət başçısının sərəncamı ilə qəbul edilən şahmat və futbolla bağlı proqramlar, 2012-ci ilin "İdman ili" elan edilməsindən danışa bilərik. Azərbaycanın "Avroviziya" mahnı festivalının təşkil etdiyi 2012-ci il onunla da əlamətdar oldu ki, London Yay Olimpiya Oyunlarında 16 növdə 53 idmançı ilə təmsil olunan komandamız 2 qızıl, 2 gümüş və 6 bürünc medalla yeni sıçrayışın təməlini qoydu. Daha sonra Rio Oyunlarında nailiyyətlər daha böyük əks-səda ilə yeni standartları müəyyənləşdirdi - 17 növdə 56 idmançıdan ibarət komanda 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazandı.

Təməli Heydər Əliyev tərəfindən qoyulan ənənələrə uyğun olaraq, olimpiya oyunlarına hazırlıqla, daha sonra idmançıların və məşqçilərin mükafatlandırılması ilə bağlı dövlət başçısının sərancamları, ənənəvi ilin sonu görüşləri və idmançı əməyinə verilən qiymət, nailiyyətlər qazanan komandalarla xüsusi görüşlər dövlətin idmançıya verdiyi vədi - onun qayğısını öz üzərinə götürməsi ilə bağlı verilən sözə sahib çıxmasının göstəricisdir.

Dövlətin gənclər və idman siyasəti kursunun aparıcı qüvvəsi kimi Gənclər və İdman Nazirliyinin bu uğurlarda rolu danılmazdır. Ölkədə idmanın geniş yayılması, xüsusilə dayaq növlərin möhkəmləndirilməsi artan nailiyyətlərin özülüdür. Respublika yeniyetmə oyunları, hər il tədbirlər planına uyğun hər növ üzrə təşkil edilən yarışların, çempionat və turnirlərin ardıcıllığı və müntəzəmliyi bu uurların təkanverici qüvvəsidir. Nazirliyin birbaşa iştirakı ilə beynəlxalq miqyaslı yarışlara ezamiyyətlər, təlim-məşq toplanışlarının təşkili və onların keyfiyyətinə nəzarət, eləcə də belə yarışların ölkəmizdə, xüsusən də regionlarda təşkilinə nail olunması müasir idmanımızın böyüdükcə böyüyən və dayanmadan inkişaf edən binasının daha bir daşıyıcı divarıdır.

Sənət əsərinə düzülən nəqqaş incisi kimi böyük zəfər epizodları 25 illik tarixin güzgüsüdür. Ötən 25 ildə zamanla yeniləşən və möhkəmlənən bir kollektiv - Gənclər və İdman Nazirliyində bu işləri yerinə yetirən böyük mütəxəssis ordusunun rutin fəaliyyəti olmadan bu uğurları təsəvvür etmək olmur. Bu səbəbdən də Heydər Əliyevin uzaqgörən siyasəti ilə həyata vəsiqə qazanmış bu dövlət strukturunun hər bir idman bayramını fəxrlə və alnıaçıq qeyd etməyə haqqı çatır.

Gələcəyə inamı isə keçmişlə fəxarət yaradır. Gənclər və İdman Nazirliyinin 25 illik tarixinin uğurla davam edəcəyinə zəmanət də var - ölkəmizdə dövlətin idman siyasəti mahiyyət və keyfiyyətin təntənəsi üzərində qurulan yeni mərhələyə, əslində isə, əsrin cəmi-cümlə dörddə biri ərzində əldə olunmuş nailiyyətlərlə yeni eraya qədəm qoyur.

BATI YAR


Xəbər 1282 dəfə oxundu.