Güləşçimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq
Estoniyanın paytaxtı Tallinndə keçirilən gənc güləşçilər arasında dünya çempionatında yunan-Roma pəhləvanımız Zaur Əliyev (55 kq) finala yüksəlib.

Səkkizdəbir finalda Qırğızıstan idmançısı Nurməhəmməd Abdullayevi məğlub edən (8:0) təmsilçimiz dörddəbir finalda moldovalı Artium Deleanunu üstələyib - 10:0. Yarımfinalda iki il əvvəl yeniyetmələrin dünya çempionatının finalında qarşılaşdığı Yaponiya idmançısı Ken Matsui ilə üz-üzə gələn Z.Əliyev rəqibini məğlub etməyi bacarıb. İlk hissədə 4 xallıq fəndi uğurla icra edən idmançımız hesabdakı üstünlüyünü sonadək qoruyub (4:0) və dünya çempionatının finalına vəsiqə qazanıb. Finalda idmançımızın rəqibi rusiyalı Ənvər Allahyarov olacaq.

Qeyd edək ki, avqustun 16-da - yarışın beşinci günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Xəbər 742 dəfə oxundu.