Bu gün “Neftçi” UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşünə çıxacaq
Avqustun 15-də Bakının “Neftçi” klubu UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsinin cavab görüşünə çıxacaq.

Paytaxt təmsilçisi İsarildə “Bney Yehuda” klubunun qonağı olacaq. Petah Tikvadakı “Ha Moshava” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Avqustun 8-də “Bakcell Arena”da reallaşan ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 2:2. Rəqibin heyətində 26-cı və 36-cı dəqiqələrdə müvafiq olaraq Tambi Saqasla Muhammed Qadir fərqlənib. Oyunun 43-cü dəqiqədə Stiven Monroz hesab arasındakı fərqi azaldıb. Oyunun sonlarında (90+7) isə Namiq Ələsgərov bərabərlik qolunu vurub.

Cavab qarşılaşmasının baş hakimi Daniele Doveri olacaq. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edəcəklər. Fabritsio Paskua dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Oyunun hakim-inspektoru fransalı Stefan Lannoy, UEFA nümayəndəsi isə estoniyalı Tarqo Kaldoya olacaq.

Qeyd edək ki, “Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.

Xəbər 722 dəfə oxundu.