Hacımurad Hacıyev dünya çempionatının bürünc medalını qazanıb

Avqustun 12-dən Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında start götürən dünya çempionatı davam edir.

Avqustun 14-də yarışların üçüncü günündə 61, 74, 86, 92 və 125 kiloqramda çıxış edən sərbəst güləşçilər medallar uğrunda mübarizə aparıblar. Milli komandamızın üzvü Hacımurad Hacıyev (74 kq) üçüncü yer uğrunda rusiyalı güləşçi Devid Betanovu 7:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Qeyd edək ki, H.Hacıyev avqustun 13-də gürcü və yunan həmkarlarını üstələyərək yarımfinala çıxsa da, bu mərhələdə amerikalı güləşçiyə məğlub olub.

Komandamızın daha bir üzvü - Əsgər Məmmədəliyev (61 kq) üçüncü yer uğrunda mübarizə aparsa da, rəqibi, Rusiya güləşçisi Alik Xadartsov ilə bacarmayıb. Digər güləşçimiz, Asxab Həmzətov (92 kq) ilk mərhələdə koreyalı, səkkizdəbir finalda isə Cənubi Afrikadan olan pəhləvanlara qalib gəlsə də, sonrakı mərhələdə Rusiya güləşçisinə məğlub olub. Rəqibin finala yüksəlməsi ilə A.Həmzətov təsəlliverici görüşə qatılsa da, ilk qarşılaşmada iranlı pəhləvana uduzub. Məhəmməd Asiyatilov (86 kq) debütdə İran pəhləvanına müqavimət göstərə bilməyib. İslam Abuyev (125 kq) isə təsnifat mərhələsində Qazaxıstan idmançısını mübarizədən kənarlaşdırsa da, hindli güləşçiyə yenilib.

Xəbər 713 dəfə oxundu.