Sərbəst güləş üzrə kubok yarışının açılış mərasimi keçirilib
Avqustun 10-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə açıq kubok yarışının açılış mərasimi keçirilib.

“Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəisi, polkovnik Elşən Mirzəyev və rəis müavini, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, polkovnik-leytenant Firdovsi Umudov tədbirdə çıxış edərək Azərbaycan Sərhəd Mühafizəsinin tarixindən və bugünkü inkişafından, eləcə də ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli sərhəd strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində mühüm nailiyyətlər qazanılıb. Bu gün Azərbaycan Respublikasının dövlət sərhədləri ən yüksək səviyyədə mühafizə olunur.

Yeniyetmə və gənclərin fiziki və mənəvi tərbiyəsində idmanın mühüm rol oynadığını bildirən natiqlər respublikamızın həm də güclü idman ölkəsi olduğunu qeyd ediblər. Bu baxımdan turnirin əhəmiyyəti xüsusi vurğulanıb.

Çıxışlardan sonra açılış mərasimi idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlarla davam edib.

Açıq kubok yarışında Azərbaycanın bütün bölgələrindən 30-dan çox komandanın heyətində 250-dək yeniyetmə güləşçi mübarizə aparır. İki gün davam edəcək turnirdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Xəbər 118 dəfə oxundu.