Şəhriyar Məmmədyarov “Grand Chess Tour 2019” seriyasının dördüncü mərhələsində iştirak edəcək
Avqustun 10-da Sent-Luisdə “Grand Chess Tour 2019” şahmat seriyasının dördüncü mərhələsi start götürəcək.

Ölkəmizi nüfuzlu turnirdə Şəhriyar Məmmədyarov təmsil edəcək. Turnirdə, həmçinin hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, fransalı Maksim Vaşe-Laqrav, amerikalı şahmatçılar Fabiano Karuana, Lenyer Dominqes, Çin təmsilçiləri Dinq Liren, Yu Yanqi, ermənistanlı Levon Aronyan, rusiyalı Sergey Karyakin və macarıstanlı Riçard Rapport mübarizə aparacaqlar. Turnir avqustun 15-dək davam edəcək.

Yarışın mükafat fondu 150 min ABŞ dollarıdır.
Xatırladaq ki, Parisdə keçirilmiş "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsini Şəhriyar Məmmədyarov 15 xalla 8-ci pillədə başa vurub. Turnirin qalibi 21 xalla Maksim Vaşe-Laqrav (Fransa) olub.

Turnirin beşinci mərhələsi də Sent-Luisdə (avqustun 16-dan 30-dək) keçiriləcək. Yarışın sonrakı mərhələləri - noyabrın 4-dən 11-dək Buxarestdə, 20-dən 27-dək isə Kəlkətə şəhərlərində baş tutacaq. Final mərhələsi isə noyabrın 30-dan dekabrın 10-dək Londonda təşkil ediləcək.


Xəbər 118 dəfə oxundu.