Gənc güləşçilər arasında dünya çempionatında iştirak edəcək komandalarımızın heyətləri açıqlanıb
Avqustun 12-dən 18-dək Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, avqustun 8-də Olimpiya Güləş Mərkəzində keçirilən tədbirdə mundialda iştirak edəcək heyət açıqlanıb. Tədbirdə Azərbaycan Güləş Federasiyasının baş katibi Orxan Məmmədov, vitse-prezidentlər Elçin Cəfərov, Firdovsi Umudov və Namiq Abdullayev, eləcə də Gənclər və İdman Nazirliyinin aparıcı mütəxəssisi Yaşar Rzayev iştirak ediblər.

E.Cəfərov qeyd edib ki, güləşçilərimiz rəqiblərindən heç də geri qalmırlar. O, təmsilçilərimizin Tokio Olimpiadasında iştirak etmək şanslarının yüksək olduğunu vurğulayıb.

F.Umudov dünya çempionatında yaxşı nəticənin qazanılmasının vacibliyini diqqətə çatdıraraq, gənc güləşçilərə uğurlar arzulayıb.

N.Abdullayev federasiyanın güləşçilər üçün hər cür şərait yaratdığını və bu yarışın atletlərimizin özlərini göstərmələri üçün əla fürsət olduğunu söyləyib.

Daha sonra E.Cəfərov dünya çempionatında iştirak edəcək heyəti açıqlayıb.

Mundialın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar. Böyük məşqçi Əli Əliyev və məşqçi Rövşən Hacıyevin rəhbərliyi ilə xalça üzərinə Mahir Məmmədzadə (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Əşrəf Aşırov (70 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (79 kq), Məhəmməd Asiyatilov (86 kq), Asxab Həmzətov (92 kq), Temraz İsmayılov (97 kq) və İslam Abuyev (125 kq) çıxacaqlar.

Qadınların yarışında məşqçi Rövşən Umudovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Jalə Əliyeva (62 kq) və Ceyla Nağızadə (65 kq) mübarizə aparacaqlar.

Yarışın sonuncu günlərində böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında yunan-Roma güləşçiləri uğur qazanmağa çalışacaqlar. Heyətdə Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Zaur Nuriyev (63 kq), Adəm Hacızadə (67 kq), Ülvi Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Laçın Vəliyev (87 kq), Xəyal Mehdiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) yer alıblar.

Dünya çempionatında beynəlxalq dərəcəli hakim Abdul Nuriyev ədalət təmsilçisi qismində çıxış edəcək.

Xatırladaq ki, ötən il Slovakiyanın Trnovo şəhərində keçirilmiş gənclər arasında dünya çempionatında sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş, 2 bürünc, yunan-Roma pəhləvanlarımız isə 1 bürünc medal qazanıblar.

Xəbər 683 dəfə oxundu.