Velosipedçilərimiz “Tokio 2020”yə lisenziya xarakterli yarışlarda iştirak edəcəklər
Şose velosipedi üzrə Azərbaycan yığma komandası Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün avqust, sentyabr və oktyabr aylarında bir sıra yarışlarda iştirak edəcək.

Komandamız avqustun 30-31-də “Tour of Almaty” (Qazaxıstan) turnirində iştirak edəcək. Sentyabrda velosipedçilərimiz Türkiyədə bir neçə yarışa qatılacaqlar. Təmsilçilərimiz “Grand Prix Velo Erciyes” (6 sentyabr), “Tour of Central Anatolia” (7-8 sentyabr), “Grand Prix Erciyes” (20 sentyabr), “Tour of Kayseri” (21-22 sentyabr), “Konya Tour of Mevlana” (27-29 sentyabr) turnirlərində qüvvələrini sınayacaqlar.

Oktyabrda isə təmsilçilərimiz əvvəlcə İranda “Tour of Iran” (2-6 oktyabr), daha sonra Türkiyədə “Fatih Sultan Mehmet Edirne Race” (12 oktyabr) və “Fatih Sultan Mehmet Kirklareli Race” (13 oktyabr) yarışlarında mübarizə aparacaqlar.

Qeyd edək ki, bundan əvvəl yığmamızın üzvləri müxtəlif yarışlarda 651 lisenziya xalı toplayıblar. Bu da ölkəmizin Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) Olimpiya reytinqində 109 ölkə arasında (UCI-yə 196 milli federasiya daxildir) 47-ci yerdə qərarlaşmasına imkan yaradıb. “Tokio 2020”də isə reytinqin ilk 50 pilləsində yer alan ölkələrin təmsilçiləri iştirak edəcəklər.

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar oktyabrın 22-də başa çatacaq.

Xəbər 1380 dəfə oxundu.