Cüdo üzrə dünya çempionatında rekord sayda idmançı mübarizə aparacaq
Beynəlxalq Cüdo Federasiyası Tokioda keçiriləcək dünya çempionatında iştirak üçün müraciətlərin qəbulunu dayandırıb. Mundialda rekord sayda idmançının - 152 ölkədən 917 cüdoçunun iştirakı təsdiqlənib.

Cüdo üzrə ilin ən nüfuzlu yarışı olan dünya çempionatı avqustun 25-də start götürəcək. Mundial 1964-cü ildə Tokio Yay Olimpiya Oyunlarında cüdo yarışlarının keçirildiyi “Nippon Budokan” arenasında təşkil olunacaq. Dünyanın ən güclü cüdoçuları “Tokio-2020”yə lisenziya əldə etmək üçün bütün qüvvələrini səfərbər edəcəklər. Olimpiya Oyunlarının formatına tam uyğun qaydada keçiriləcək dünya çempionatı səkkiz gün davam edəcək.

Azərbaycan bu mötəbər yarışda 16 idmançı – 9 kişi və 7 qadın cüdoçu ilə təmsil olunacaq.

Xatırladaq ki, sonuncu dünya çempionatı ötən ilin sentyabrında Bakıda keçirilib. Səkkiz yüzədək cüdoçunun mübarizə apardığı həmin mundialda Azərbaycan idmançıları 1 gümüş və 1 bürünc medal qazanıblar.

Xəbər 800 dəfə oxundu.