Dünya çempionatının sonuncu günündə güləşçimiz Laçın Vəliyev qızıl, Elmir Əliyev gümüş medal qazanıb
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı başa çatıb.

Yarışların sonuncu günündə yunan-Roma güləşçilərimiz mübarizə aparıb.

Yarışa səkkizdəbir finaldan qoşulan Laçın Vəliyev (92 kq) İsrail təmsilçisini mübarizədən kənarlaşdırıb. Belarus idmançısını da məğlub edən L.Vəliyev adını yarımfinala yazdırıb. Finalın bir addımlığında rəqib Türkiyə güləşçisi olub. İdmançımız son Avropa çempionatında qalib gəldiyi güləşçidən növbəti dəfə güclü olub və dünya çempionatının finalına yüksələn dördüncü yunan-Roma güləşçimiz olub. Həlledici qarşılaşmada Rusiya təmsilçisi ilə üz-üzə gələn L.Vəliyev qazandığı iki xalın hesabına dünya çempionu olub.

Avropa Gənclər Olimpiya Festivalının qalibi Elmir Əliyev (51 kq) ilk mərhələdə argentinalı rəqibini cəmi bir dəqiqədə "tuşe" ilə məğlub edib. Pəhləvanımız daha sonra misirli idmançıdan üstün olub. E.Əliyev Rumıniya təmsilçisinə də gücünü göstərərək yarımfinala vəsiqə qazanıb. Ukraynalı idmançının da kürəyini yerə vuran güləşçimiz həlledici görüşə çıxmaq hüququ əldə edib. E.Əliyev həlledici qarşılaşmada İran pəhləvanı ilə güləşib və minimal fərqlə uduzaraq gümüş medalla kifayətlənib.

Pəhləvanlarımızdan Fərid Sadıxlı (48 kq) təsnifat mərhələsində güclü rəqiblə üz-üzə gəlib. Avropa Gənclər Olimpiya Festivalının qızıl medalçısı gərgin mübarizə şəraitində keçən görüşdə Rusiya təmsilçisinə minimal hesabla qalib gəlib. Lakin o, səkkizdəbir finalda qazax güləşçi ilə bacarmayıb. Rəqib finala çıxdığı üçün F.Sadıxlı avqustun 4-də təsəlliverici görüşdə mübarizə aparıb və çətinlik çəkmədən hindistanlı rəqibini məğlub edib. Bürünc medal uğrunda mübarizədə iranlı güləşçiyə də gücünü göstərən F.Sadıxlı dünya çempionatında üçüncü yeri tutub.

Beləliklə, yunan-Roma güləşçilərimiz dünya çempionatında beş medal (2 qızıl, 2 gümüş və 1 bürünc) qazanıb.

Xəbər 692 dəfə oxundu.