Astaralı güləşçi Avropa birinciliyində bürünc medal qazanıb
Polşanın Krakov şəhərində keçirilən sərbəst güləş üzrə 15 yaşadək yeniyetmə güləşçilər arasında Avropa birinciliyində Azərbaycan yığma komandasının tərkibində çıxış edən astaralı idmançı Musa Ağayev 48 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.

Astaralı idmançı qitə birinciliyində əvvəlcə Türkiyə, Macarıstan və Gürcüstan idmançıları üzərində ardıcıl 3 qələbə qazanıb. Yarımfinal yarışında Rusiya idmançısı ilə görüş 5:5 hesabı ilə başa çatsa da, hakimlər qələbəni rusiyalı idmançıya veriblər.

Bürünc medal uğrunda mübarizədə həmyerlimiz gürcüstanlı rəqibini 10:3 hesabı ilə məğlub edərək, yeniyetmələr arasında Avropa birinciliyinin bürünc medalına sahib olub.

Qeyd edək ki, Musa Ağayev Astara Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin şagirdidir. Onu yarışa sərbəst güləş üzrə Əməkdar məşqçi Məhərrəm Ağayev hazırlayıb.

Astara Rayon Gənclər və İdman İdarəsində Avropa birinciliyinin bürünc mükafatçısı Musa Ağayev və onun məşqçisi ilə görüş keçirilib.

Görüşdə çıxış edən idarənin rəisi Ərçə Əliyev yeniyetmə güləşçini və onun məşqçisini qazanılan uğur münasibətilə təbrik edərək, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət dəstəyindən, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıb.

Xəbər 792 dəfə oxundu.