XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarına yekun vurulub
İyulun 27-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları başa çatıb. Yarışların sonuncu günündə həm qızların, həm də oğlanların mübarizəsində bürünc və qızıl medallar uğrunda görüşlər keçirilib.

Bakı Tennis Akademiyasında keçirilən oğlanların fərdi yarışının finalında ispaniyalı Daniel Merida latviyalı Vilius Qaubas ilə üz-üzə gəlib. Qarşılaşmada 2:0 (6:2, 6:0) hesabı ilə qələbə qazanan D.Merida festivalın çempionu olub. Bürünc medal uğrunda görüşdə isə italiyalı Nikkolo Çiavarella çexiyalı Hinek Bartonu 2:0 (6:1,6:0) məğlub edib.

Qız tennisçilərin mübarizəsi britaniyalı atletin çempionluğu ilə başa çatıb. Bu ölkənin təmsilçisi Matilda Mutavdziç finalda rusiyalı Mariya Şoloxovanı 2:0 (6:1, 6:1) hesabı ilə məğlub edərək qızıl medala sahib olub. Bürünc medal uğrunda görüşdə isə çexiyalı Dominika Salkova fransalı Ouşen Babel üzərində 2:1 (6:2, 0:6, 12:10) hesablı qələbə qazanıb.

Qaliblərin mükafatlandırılması mərasimində medalları idmançılara Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftaxetdinova, Avropa Olimpiya Komitələrinin İdarə Heyətinin üzvü və İslandiya Milli Olimpiya Komitəsinin və İdman Assosiasiyasının baş katibi Liney Rut Halldorsdottir və Gürcüstan Milli Olimpiya Komitəsinin baş katibi Emzar Zenaişvili təqdim ediblər.

Xatırladaq ki, tennis üzrə oğlan cütlüklərin yarışında çexiyalı Matthev Villiam Donald/Hinek Barton dueti çempion olub. Polşalı Filip Pieçzonka/Olaf Pieçkovski cütlüyü ikinci, ispaniyalı Pedro Rodenas/Daniel Merida dueti isə üçüncü yerdə qərarlaşıblar.

Qız cütlüklərin yarışında isə ilk üç pillədə müvafiq olaraq Evialina Laskeviç/Mariya Stsetseviç (Belarus), Mariya Şoloxova/Yekaterina Maklakova (Rusiya) və Dominika Salkova/Linda Klimoviçova (Çexiya) duetləri qərarlaşıblar.

Xəbər 1299 dəfə oxundu.