4-cü mərhələdə də Rusiya velosipedçi qalib oldu
Bu gün ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq veloturun 4-cü mərhələsi keçirildi. İdman.com.az saytının məlumatına görə, iştirakçılar səhər İsmayıllıya yollandılar. Velosipedçilər müəyyən edilmiş səmtlə Qəbələyə qayıdaraq, burada 12 dövrə vurdular. Bu mərhələdə yürüşçülər 114 km məsafə qət etdilər. Sözü gedən raundda da qalib adını rusiyalı Gennadi Tatarinov qazandı.

O, məsafəni 2 saat, 41 dəqiqə, 18 saniyəyə sürdü. 2-ci yeri Maksim Vasilyev tutdu. Ukraynalı velosipedçi qalibdən 17 saniyə geri qaldı. Donetsk klubunu təmsil edən idmançı ara və ümumi finiş məsafələrində ən çox xal yığaraq, yaşıl köynəyə sahib çıxdı. İlk üçlüyü qazaxıstanlı Maydos Telegin qapadı.

Əlcəzairli Yusif Regigi yarış ərzində liderliyini qorudu. Dünya Velosipedçilər Mərkəzinin şərəfini qoruyan idmançı yenə göy köynəyə yiyələndi. Dağ yürüşündə ən çox xal yığan qazaxıstanlı Bəxtiyar Qozatayev dünənki uğurunu təkrarladı - qırmızı göynək aldı.
Azərbaycan komandasından ən yaxşı nəticəni bu gün də Tural İsgəndərov göstərdi. O, finişə qalibdən 1 dəqiqə, 10 saniyə gec çatdı. Gənc idmançı növbəti dəfə «Odlar yurdu» göynəyinə yiyələndi.

Ölkəmizdə ilk dəfə keçirilən peşəkar veloturun 4-cü mərhələsində 88 idmançı iştirak edib. Onlardan 73-ü finişə çatdı. Qaydaya əsasən, raundlarda finişə çatmayan velosipedçi rəqabətdən xaric olunur.
Sonuncu raundun keçirilməsi üçün velosipedçilər Bakıya dönəcəklər. May ayının 13-də onlar paytaxtın mərkəzi küçələri ilə hər biri 12,3 km olmaqla 10 dövrə vurduqdan sonra, yarışa yekun vurulacaq.

Kamran Hacı, Qəbələ

Xəbər 1924 dəfə oxundu.