İtaliyada yenə danışılmış oyunlar aşkarlayıblar
İtaliya danışılmış oyunlara qarşı mübarizəsini davam etdirir. İdman.com.az-ın məlumatına görə, Yerli polis və futbol federasiyası yarım ildən bir ictimaiyyəti hay-küylü həbslər və ya klubların qara işlərini aşkarlamaqla sevindirir. Bu dəfə ölkə futbol federasiyasının rəsmi saytında qalmaqallı xəbər peyda olub: 22 komanda danışılmış oyunların təşkilində şübhəli bilinir.

İstintaqı bu cür işlərdə təcrübəsi olan Kremona şəhərinin prokurorluğu aparır. Ötən il Kremona polisi 2006-cı ildən bəri İtaliyada danışılmış oyunlara qarşı ən geniş miqyaslı aksiyanı həyata keçirmişdi və 33 nəfəri həbs etmişdi. Futbolçular özlərinin iştirak etdikləri oyunlara pul qoyuluşları etmişdilər. Ədalətdən tanınmış şəxslər də qaça bilməmişdi. Həbs cəzası alanlar sırasında İtaliya yığmasının keçmiş oyunçusu və «Atalanta»nın kapitanı Ktistiano Don idə var idi.

Bu dəfə şübhə altında 2010-2011-ci illər mövsümü «B» Seriyasının 33 oyunu, elə cə də iki kubok matçı düşüb. Şübhəli klubların və 52-si futbolçu olmaqla 61 şübhəli şəxsin adları hələ açıqlanmır. Lakin Goal.com saytı bu sırada «Novara»nın baş məşqçisi Attilio Tesserin olduğunu yazır.

Xəbər 1152 dəfə oxundu.