“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının üçüncü gününün qarşılaşmaları başlayıb.

Yarışların sonuncu günündə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeddi çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Azərbaycan güləşçiləri bütün çəki dərəcələrində mübarizə aparacaqlar.

Sərbəst güləş üzrə səkkizdəbir finalda Kənan Heybətov (51 kq) ukraynalı İvan Terzi, Cəbrayıl Hacıyev (65 kq) gürcüstanlı Davit Patsinaşvili ilə qarşılaşacaqlar.

Yunan-Roma güləşi üzrə səkkizdəbir final yarışlarında Elmir Əliyev (51 kq) norveçli Kristofer Andresen, Xasay Həsənli (65 kq) təsnifat mərhələsində yunanıstanlı Fotios Bukis ilə görüşəcəklər.

Qadın güləşi yarışlarında səkkizdəbir finalda Elnurə Məmmədova (53 kq) macarıstanlı Flora Vizi, Birgül Soltanova (57 kq) rusiyalı Dariya Manuil, Nigar Mirzəzadə (65 kq) isə almaniyalı Mari Trautman ilə qarşılaşacaqlar.

Xatırladaq ki, komandamızın aktivindəki 10 medalın – 4 qızıl, 4 gümüş və 2 bürüncün hamısını güləşçilərimiz qazanıblar. Belə ki, yunan-Roma pəhləvanlarımız 3 qızıl və 1 bürünc, sərbəst güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc, qadın güləşçilərimiz isə 2 gümüş medala sahib olublar.

Xəbər 555 dəfə oxundu.