“EYOF 2019”: Atletika yarışlarının birinci gününün səhər sessiyasında finalçılar müəyyənləşib
İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının birinci günündə səhər sessiyasından sonra finalçılar müəyyənləşib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən yarışlarda 36 ölkədən 641 idmançı iştirak edir. Azərbaycan bu yarışlarda 18 idmançı ilə təmsil olunur.

Festivalın atletika yarışlarının birinci gününün səhər sessiyasında atletlər 100 və 800 metr məsafələrə qaçış, çoxnövçülük və nüvəitələmə növlərində mübarizə aparıblar.

Oğlanlar arasında 100 metr məsafəyə qaçış yarışında finala Tazana Kamanqa-Dirbak (Danimarka), Umut Uysal (Türkiyə), Matteo Melluzzo (İtaliya), Zion Eriksson (İsveç), Dominik İllovski (Macarıstan), Feliks Kunstein (Almaniya), İsrael Olatunde (İrlandiya) və Stsiapan Çişankou (Belarus) vəsiqə qazanıblar.

Qızların 800 metr məsafəyə qaçış yarışında qrup mərhələlərində ən yaxşı nəticə göstərən 8 nəfər finala yüksəlib. Beləliklə, bu yarışın finalında Valentina Rosamilia (İsveçrə), Eilen Brenne (Norveç), Pavla Stoudkova (Çexiya), Lyudmila Rudzko (Belarus), Svetlana Julski (Ukrayna), Eymi Hayde (İrlandiya), Sofiya Volkmer (Almaniya) və Lusia Pinaççio (İspaniya) medallar uğrunda mübarizə aparacaqlar.

Atletika yarışlarında qızlar arasında nüvəitələmə növündə 12 atlet finala vəsiqəni təmin edib. Pınar Akyol (Türkiyə), Sina Pruefer (Almaniya), Nina Capatina (Moldova), Dariya Şinkeviç (Rusiya), Siara Şehi (İrlandiya), Katrin Brjikovska (Çexiya), Eukabeth Kivikanqas (Finlandiya), Viktoriya Quaino (İsveç), Tamera Manette (Fransa), Anastasiya Draqomirova (Yunanıstan), Benedetta Benedetti (İtaliya) və Debora Quareşma (Portuqaliya) finalda qüvvələrini sınayacaqlar.

Axşam sessiyasında 110 metr məsafəyə maneələrlə qaçış, 400 metr məsafəyə qaçış, 10 kilometr məsafəyə idman gəzişi, uzunluğa və hündürlüyə tullanma idman növləri üzrə yarışlar təşkil olunacaq.

Qızlar arasında nüvəitələmə və oğlanlar arasında isə 100 metr məsafəyə qaçış yarışlarının final mərhələsi iyulun 23-nə keçiriləcək. Qızların yarışında isə 800 metr məsafəyə qaçış üzrə final mərhələsi iyulun 24-də baş tutacaq.

“EYOF 2019”un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.

Xəbər 424 dəfə oxundu.