“Neftçi” ilk prinsipial görüşdə qalib gəldi
Milli futbol çempionatının ötən turu keçirilən görüşlər yarışın sonrakı gedişində mübarizənin istiqamətlərini müəyyənləşdirməli idi. Çünki bu tur lider ən prinsipial rəqiblərindən birinə çevrilmiş "Qarabağ"la üz-üzə gəlməli idi. Digər tərəfdə isə kubokda da yarımfinal cütünü təşkil edən "Bakı" ilə "Xəzər Lənkəran"ın oyununda tərəflərin bir-birinə münasibəti həlledici idi. Aşağı xətdə də eyni mənzərə idi. Hələlik ölkə çempionatını iki komandanın tərk edəcəyi deyilir. Cari reqlamentə görə, yarışı tərk edəcək son iki komandadan biri, demək olar ki, məlumdur. Aşağı dəstəyə daha bir vəsiqə isə "Turan"la "Simurq"dan birinin payına düşməli idi.
Aşağı zonada elə indidən mübarizənin sonuna da aydınlıq gətirilib. "Simurq" doğma divarlar arasında "Turan"a məğlub olmaqla, tovuzlulardan 9 xal geri düşüb. İndi bu fərqi yalnız möcüzə ilə aradan qaldırmaq olar.
Yuxarıda isə məhz bu turdan sonra ikitirəlik yaranıb. Cədvəldəki ilk 3 komandanın çempionluq yürüşündə qalacağı dəqiqləşmək üzrədir. Ötən oyun günü "İnter" "təyyarəçilər"ə məğlub olmaqla, iddialılardan xeyli aralandı və bununla da bu mövsüm yeni çempionun adının elan ediləcəyinə əminlik qəti yarandı. İndi bu cütlük yalnız və yalnız ölkə kubokuna ümid etməlidir. Burada isə variant azdır.
Artıq çoxdan nəzərini kuboka çevirmiş "Bakı" ötən tur "Xəzər Lənkəran"la oyunda qüvvələr nisbətinə təsir imkanlarını sınamalı idi. Komandaya daha çox cənubluları çempionat mübarizəsində saxlamaq sərf edirdi.
Çünki bu halda həlledici məqam yetişəndə, "ağ-yaşıllar"ın daha nüfuzlu çempion titulunun ardınca gedəcəyi məlum idi. Lakin görüş əməli mübarizə şəraitində keçdi. Yekun heç-heçə isə daha çox lənkəranlıların vəziyyətini mürəkkəbləşdirdi. Çünki bununla klub ən prinsipial rəqibindən 6 xal geri düşdü. Həlledici mərhələnin xarakterini, imkanları və digər əlavə məsələləri nəzərə alsaq, heç də az gerilik deyil.
Söz yox ki, turun mərkəzi oyunu əzəli rəqiblərdən "Neftçi"nin "Qarabağ"la dueli idi. Ardıcıl 9 oyun qələbə qazanmış ağdamlılar üçün bu matçı həlledici də adlandırmaq olardı. Çünki qələbə təqdirində komandanın çempion olmaq ehtimalı birəbeş artacaqdı. Lakin matçda erkən qol hər şeyi həll etdi və sonrakı mübarizənin də axarını müəyyənləşdirdi. Nədənsə qarabağlılar bu görüşdə qalib gələ bilməyəcəklərinə əmin olub, ya da ilk qolun şokundan çıxa bilməyib sonadək özlərinə gələ bilmədilər. Bunun da qanunauyğun nəticəsi ikinci qol oldu. Yalnız bundan sonra oyanan rəqibin cəhdləri isə ilğımdan başqa bir şey olmadı.

BATI

Xəbər 970 dəfə oxundu.