Tural İsgəndərov: Gücümü bu günə saxlamışdım
«Dünən keçirilmiş Bakı – İsmayıllı marşrutu çox ağır idi. Ona görə taktika ilə hərəkət edərək, gücümü qorudum». Bunu idman.com.az saytına açıqlamasında milli komandamızın aparıcı üzvü Tural İsgəndərov dedi. Ulu öndər Heydər Əliyevin xatirəsinə ilk dəfə ölkəmizdə keçirilən beynəlxalq veloturun 3-cü mərhələsində bu gün Azərbaycan velosipedçiləri arasında ən yaxşı olan gənc idmançı 160 km-lik Qəbələ-Oğuz-Şəki marşrutunu 4 saat, 53 saniyəyə qət etdi. «Odlar yurdu» köynəyinə sahib çıxan T.İsgəndərov bildirdi ki, o, növbəti raundlarda da bu uğuru təkrarlamaq niyyətindədir:

«Dünən yarışma ağır idi. Məşqçilərlə məsləhətləşib, vəziyyəti dəyərləndirdim. Enerjimi bu günə saxladım ki, yaxşı nəticə göstərim. Sonda bunu gerçəkləşdirdiyim üçün sevincliyəm. Milli komanda üzvləri arasında birinci gəldiyimə görə, mənə yekunda köynək verdilər. Onu sonadək özümdə saxlamaq istəyirəm».

Qeyd edək ki, Azərbaycanda ilk dəfə təşkil edilən peşəkar veloturun 3-cü mərhələsində yürüşçülər Qəbələdən Oğuz və Şəki istiqamətində yüksəklikləri qət edərək, yenidən geriyə qayıtdılar. 4-cü raundun başlanması üçün iştirakçılar sabah səhər İsmayıllıya gələcəklər. Sonra onlar müəyyən edilmiş marşrutla Qəbələyə qayıdaraq, burada 12 dövrə vuracaqlar. Bu mərhələdə velosipedçilər 114 km məsafə qət edəcəklər. Sonuncu raundun keçirilməsi üçün velosipedçilər Bakıya dönəcəklər.

Kamran Hacı, Qəbələ

Xəbər 1273 dəfə oxundu.