Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlığı ölkə xaricində davam etdirir.

Hazırlıq planına əsasən komandamız ilk olaraq Bolqarıstanda, daha sonra isə Rusiyada təlim-məşq toplanışında iştirak edib. Hazırlıq prosesi çərçivəsində voleybolçularımız Bolqarıstan və Rusiya milliləri ilə yoldaşlıq oyunları da keçiriblər.

İyulun 19-da komandamız Rusiyada təşkil olunan təlim-məşq toplanışını başa vuraraq Türkiyənin İzmir şəhərinə yollanıb. Yığmamız hazırlıq prosesi çərçivəsində Türkiyə millisi ilə yoldaşlıq oyununda gücünü sınayacaq.

Qeyd edək ki, Azərbaycan millisi təsnifat turnirində Braziliya, Dominikan Respublikası və Kamerun ilə birlikdə “D” qrupunda mübarizə aparacaq. Oyunlar avqustun 1-3-də Braziliyanın Uberlandiya şəhərində keçiriləcək. Komandamız Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.

Xəbər 764 dəfə oxundu.