“Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
“Neftçi” komandası Azərbaycanın futbol tarixinə düşüb.

“Ağ-qaralar” ölkəmizə 1994-cü ildən çıxış etdiyi avrokuboklarda ən böyük hesablı qələbəsini qazandırıb.

Bu tarix paytaxt təmsilçisinin iyulun 18-də “Bakcell Arena”da Moldovanın "Speranta" komandasına 6:0 hesabı ilə qalib gəlməsi ilə yazılıb. Rekord gətirən son qola flaqmanın 18 yaşlı futbolçusu İsmayıl Zülfüqarlı imza atıb.

Xatırladaq ki, indiyədək ən böyük hesablı nəticələr "İnter" və "Qarabağ"ın 5:0 hesablı qalibiyyətləri olub.

Əvvəlki illərdə "İnter” UEFA Avropa Liqasında Estoniyanın “Trans” klubunu səfərdə 5:0 hesabı ilə, Ağdam təmsilçisi Çempionlar Liqasının ev oyununda Gürcüstan təmsilçisi “Samtredia”nı eyni hesabla məğlub edib. İlk oyunda 3:0 hesabı ilə qalib gələn “Neftçi” doğma meydanda rəqib qapısına 6 qol vuraraq iki matçın cəmində doqquz top üstünlüyü ilə qələbə qazanıb. Bu da Azərbaycan futbolu tarixində daha bir rekorddur.

Xəbər 815 dəfə oxundu.