Yunan-Roma güləşi üzrə yığma komandamızın Göygöldə təlim-məşq toplanışı başlayıb
Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası Göygöldə növbəti təlim-məşq toplanışına start verib.

Göygöl Olimpiya İdman Kompleksində hazırlıq prosesinə start verən millimiz toplanışda geniş heyətlə iştirak edir. Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynli, eləcə də gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi ilə 30-a yaxın güləşçi Göygöl hazırlığına cəlb olunub. Heyətdə böyüklərlə yanaşı, bir neçə gənc güləşçi də yer alıb. Komandamız iyulun 31-dək davam edəcək təlim-məşq toplanışında əsasən fiziki hazırlıq üzərində çalışacaq.

Təlim-məşq toplanışı sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.


Xəbər 758 dəfə oxundu.