Bu oyunda kim uduzdu, kim uddu…
Şahmatçılarımızın oyunlarının müqayisəli-statistik təhlili

1-ci yazı

«Qalib rəqibindən daha az səhvə yol verəndir». Bu, ötən əsrin birinci yarısında «at oynatmış» məşhur şahmatçılardan birinin – Saveli Tartakoverin sözləridir. Bu oyunda digər bir nəticəni – heç-heçəni isə, yenə də Tartakoverin sözlərinə görə, «üç eyni və ya bir pis gedişlə almaq olar».

Söhbət açmaq istədiyim mövzu da məhz bu qələbələr, heç-heçələr, məğlubiyyətdərdir: artıq bu gün beynəlxalq aləmdə "at oynadan" şahmatçılarımızın qələbə, heç-heçə və məğlubiyyətləri. Baxaq görək, aparıcı şahmatçılarımız rəqibləri ilə hansı nisbətdə "səhvə yol verirlər", nə qədər "pis gediş" edirlər, nə kimi uğurlar qazanırlar, hansı uğursuzluqlara düçar olurlar, nə dərəcədə "sülhpərvərlik" edirlər? Bütün bunlara nəzər salmaqda bizə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi saytında aparılan statistika kömək edəcək.

2007-ci ilin oktyabrından bəri fide.com hər bir şahmatçının keçirdiyi oyunların (klassik vaxtlı) statistikasını aparır. Məhz bu rəqəmlərə söykənərək, aparıcı şahmatçılarımızın göstərilən dövrdə keçirdikləri oyunlara nəzər yetirəcəyik. Özü də planetin digər aparıcı şahmatçıları ilə müqayisədə. Elə həmin saytda hər bir şahmatçının hansı rəqiblə necə oynaması barədə verilən statistika da köməyimizə çatacaq.

Nəzər salmaq istədiyimiz aparıcı üç şahmatçımızın - Şəhriyar Məmmədyarovun, Vüqar Həşimovun və Teymur Rəcəbovun göstəriciləridir. Onlarla müqayisə edəcəyimiz isə FİDE reytinqinin ilk onluğuna daxil olanlar - daha doğrusu, Şəhriyar Məmmədyarovdan savayı, digər doqquzu. Bildiyiniz kimi, hazırkı durumda Vüqar Həşimovla (11-ci yer) Teymur Rəcəbov (12-ci yer) "onluğ"un astanasındadırlar.

Eyni zamanda elə Azərbaycan "Top-10"-una daxil olan digər şahmatçılarımızın da ümumi göstəricilərini izləyəcəyik. Ancaq bir qədər sonra. Çünki ümumi reytinqdə ikinci, üçüncü, hətta beşinci, altıncı yüzlüklərdə olan şahmatçılarla "Top-10" nümayəndələrinin oyun statistikasını müqayisə etmək düzgün olmaz. Belə ki, onlar arasında keçirilən görüşlərdəki rəqiblərin səviyyəsi də müqayisəedilməzdir. Və daha aşağı pillələrdə olanların qələbə faizinin nisbətən üstünlüyünü şahmatçının üstünlüyü kimi dəyərləndirmək olmaz.

Rəqəmlər aləminə səyahətimizi başlayaq oyun sayından. Aparıcı üçlüyümüzdə bu cəhətdən daha məhsuldarı Vüqar Həşimovdur. Göstərilən dövr üçün hesabında onun 339 partiya var. Şəhriyar son üç il yarımda 283, Teymursa 263 oyun keçirib. Müqayisə üçün deyək ki, "Top-10"-un ən çalışqanı ukraynalı Vasili İvançukdur (465 oyun). Onların sırasında Həşimovu bu cəhətdən üstələyən də yalnız həmin şahmatçıdır. Əsasən dünya çempionluğu barədə düşünən və hər turnirə getməyi özünə sığışdırmayan və əziyyətə düşmək istəməyən favoritlər isə bir qədər passivdirlər. Məsələn, rusiyalı Vladimir Kramnikin hesabında 192, hindistanlı dünya çempionu Vişvanatan Anandda 180, bolqar Veselin Topalovda isə cəmi 170 partiya var. Norveçli Maqnus Karlsen hazırda dünya reytinqində ikinci olsa da (bir qədər öncə lider idi), fəallığından qalmır (326). Əksinə, digər favoritlərdən fərqli olaraq, o, dünya çempionluğuna iddiaçıların turnirindən imtina etdi.

Bu şahmatçıların qara və ya ağ fiqurlarla oyun göstəricilərində də nisbət eynidir. Ona görə də, bu sahədə say göstəricilərinin müqayisəsinə ehtiyac görmürük. Sadəcə, onu deyək ki, Vüqar Həşimov "ağ"larla 172, "qara"larla 167 görüş keçirib. Şəhriyarda bu göstərici 154 və 129, Teymurda 125 və 138-dir. Göründüyü kimi, Rəcəbov daha çox qara fiqurlarla oynamalı olub. Şəhriyarın bəxtinə isə, əksinə, ağ fiqurlar daha çox çıxıb.

İndi isə baxaq oyunların keyfiyyət göstəricilərinə. Müqayisə apardığımız şahmatçılar arasında ən çox qələbə ABŞ şahmatçısı Hikaru Nakamuradadır - 170. Ondan az qala 50 faiz çox oyun keçirmiş İvançukun 145 qələbəsi var. Vüqarın da, Nakamuradan çox oyun keçirməsinə baxmayaraq, 120 qələbəsi var. Şəhriyarın 95, Teymurun 59 qələbəsi var. Rəcəbov bu cəhətdən yalnız Kramnik (47 qələbə) və Ananddan (46) üstündür. Ancaq bu, sadəcə qələbə sayıdır. Oyunlara görə nisbətdə isə Teymur qədər aşağı göstərici ilk onikilikdə heç kəsdə yoxdur. Şahmatçımız keçirdiyi görüşlərin yalnız 22 faizində qələbə qazanıb. Bu baxımdan Kramniklə (24%) Anand da (26%) passivdirlər. Həşimovda qələbələr 35, Məmmədyarovda 34 faizdir. Göründüyü kimi, Nakamura opponentlərini müqayisəolunmaz dərəcədə qabaqlayıb. O, keçirdiyi görüşlərin yarıdan çoxunda - 53 faizində qələbə qazanıb.

Vüqar İNQİLABOĞLU


Xəbər 2344 dəfə oxundu.