Güləş üzrə yığma komandamız Avropa Gənclər Olimpiya Festivalına Bakıda hazırlaşır
Azərbaycanın güləş üzrə yığma komandası Avropa Gənclər Olimpiya Festivalına Bakıda hazırlaşır.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində iyulun 21-dən 23-dək güləş yarışları keçiriləcək.

Yeniyetmə qızlardan ibarət yığmamız iyulun ilk günlərindən Olimpiya Güləş Mərkəzində festival ərəfəsində son təlim-məşq toplanışına başlayıb. Komanda həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır. Təlim-məşq toplanışı iyulun 17-dək davam edəcək. Daha sonra millimiz Atletlər Kəndində məskunlaşaraq yarışın başlanmasını gözləyəcək.

Xatırladaq ki, yeniyetmə sərbəst güləşçilər Xaçmazda, yunan-Roma güləşçilərimiz isə Göygöldə təlim-məşq toplanışı keçir.

Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində güləşin hər növündə 6 çəki üzrə mübarizə baş tutacaq. Qızlar 46, 49, 51, 53, 57 və 65 kiloqram çəki dərəcəsində, oğlanlar isə 45, 48, 51, 55, 60 və 65 kiloqram çəki dərəcəsində çıxış edəcəklər. Güləş yarışları Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.

Xəbər 764 dəfə oxundu.