Avarçəkəmlərimizdən 7 qızıl, 2 gümüş və 3 bürünc

İtaliyanın Auronso di Kadoro şəhərində avarçəkmənin kayak və kanoe növləri üzrə “Beynəlxalq Kanoe İttifaqının” himayəsi altında “ICF Sprint Canoe Kayak International Event” yarışı keçirilib.

5-7 iyul tarixlərində U 16, yeniyetmələr və gənclər arasında gerçəkləşən yarışa 15 ölkədən 600-dən çox idmançı qatılıb. Azərbaycanı bu yarışda 200, 500 və 1000 m məsafələrdə 5 idmançı təmsil edib.

Gənclərin fərdi yarışında Malxaz Çinçaraşvili kanoe növündə 500 və 1000 metr məsafələrə yürüşdə 1-ci yeri tutub. 200 metrdə isə o, bürünc medal qazanıb. Daha bir bürünc medalı Vadim Hüseynov 1000 metr məsafəyə yürüşdə əldə edib.

Çinçaraşvili - Hüseynov dueti 500 və 1000 metr məsafəyə 2 nəfərlik qayıqla yürüşdə bütün rəqiblərini qabaqlayıblar. 200 metrdə isə onlar 3-cü yeri tutublar.

Yeniyetmələrdən Cumber Çxutiaşvili 200 metr məsafəyə yarışda qalib olub. Tofiq Bayramov isə 16 yaşa qədər idmançıların mübarizəsində 2 medal götürüb: 500 metrdə 1-ci, 200 metrdə 2-ci yer. Gülnarə Həmzəyeva da Çxutiaşvili ilə eyni nəticəyə imza atıb.

Qeyd edək ki, Azərbaycanlı xanım yarışın ən gənc iştirakçısı olub və o, 2003 və 2004-cü il təvəllüdlü rəqiblərinə qalib gəlib.

Ümumilikdə, beynəlxalq yarışda kanoe və kayakın 3 distansiyasında idmançılarımız vətənə 7 qızıl, 2 gümüş və 3 bürünc medal qazandırıblar.

Xəbər 1288 dəfə oxundu.