“Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsinin qalibi Maqnus Karlsen olub
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən və Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da iştirak etdiyi “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsinin qalibi müəyyənləşib.

11 turdan 8 xal toplayan norveçli dünya çempionu Maqnus Karlsen turnirin qalibi olub. Amerikalı şahmatçılar Uesli So 7 xalla ikinci, Fabiano Karuana 6 xalla üçüncü yerləri tutublar. Son turda çinli Dinq Liren ilə heç-heçə edən təmsilçimiz Şəhriyar Məmmədyarov 4,5 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Grand Chess Tour 2019” seriyasının birinci mərhələsi mayın 6-dan 13-dək Fil Dişi Sahilinin paytaxtı Abicanda keçirilib. Blitz və rapid üzrə keçirilmiş turnir dünya çempionu Maqnus Karlsenin qələbəsi ilə nəticələnib. Turnirin sonrakı mərhələləri - iyulun 26-dan avqustun 2-dək Paris, avqustun 8-dən 15-dək və 16-dan 30-dək Sent-Luis, noyabrın 4-dən 11-dək Buxarest, 20-dən 27-dək isə Kəlkətə şəhərlərində baş tutacaq. Yarışların final seriyası isə noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.

Xəbər 723 dəfə oxundu.