Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini mükafatlandırmaq məqsədi ilə qərara alıram: 1. Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin: 1.1. birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat; 1.2. ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat; 1.3. üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun şəxsi məşqçisinə 10 min manat; 1.4. milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə); 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 4 iyul 2019-cu il. |
|
Xəbər 1219 dəfə oxundu. |
|
|