Daha bir kanoeçimiz gələn həftə Londona lisenziya qazana bilər

Mayın 16-da Polşanın Poznan şəhərində kayak və kanoe üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifatı (European Olympic Qualifier) start götürəcək.
2 gün davam edəcək yarışda Azərbaycanı kanoeçi Adnan Əliyev təmsil edəcək. O, 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşlərə qatılacaq. Yarışın ilk günündə seçmə və yarımfinal, ertəsi gün final yürüşü olacaq. Yekunda Əliyev ilk 2 pillədən birini tutacağı halda, London olimpiadasına vəsiqə qazanacaq.

29 yaşlı kanoeçimiz ötən il Macarıstanın Seqed şəhərində keçirilmiş lisenziya xarakterli dünya çempionatında da iştirak edib. Lakin həmin yarışda təmsilçimiz 18-ci olub. Olimpiya lisenziyasına isə ilk 7 pilləni tutanlar sahib çıxıblar.

Digər kanoeçilərimizdən Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Londonda iştirak hüququna yiyələniblər. Əliyev də Avropa Olimpiya Təsnifatında bu vəzifənin öhdəsindən gələ bilsə, ölkəmiz olimpiadada kanoe növündə tam heyətlə təmsil olunacaq.

Xəbər 1077 dəfə oxundu.