İtaliyanın Napoli şəhərində XXX Ümumdünya Yay Universiadasının açılış mərasimi keçiriləcək
İtaliyanın Napoli şəhərində tələbələr arasında XXX Ümumdünya Yay Universiadasının açılış mərasimi keçiriləcək.

Universiadanın rəsmi açılış mərasimi iyulun 3-də “Napoli” futbol klubunun stadionu olan “San Paolo”da saat 23:00-da baş tutacaq. “Atletlər kəndi”ndə Bakı vaxtı ilə saat 13:00-da Azərbaycan nümayəndə heyətinin şərəfinə bayraqqaldırma mərasimi olacaq.

Universiada çərçivəsində artıq su polosu, futbol və suya tullanma yarışlarında mübarizə başlayıb. Turnirdə atletlər, həmçinin basketbol, voleybol, cüdo, atletika, stolüstü tennis, üzgüçülük, idman gimnastikası, kamandan oxatma, tennis, taekvondo, qılıncoynatma, bədii gimnastika, atıcılıq, reqbi-7 idman növləri üzrə də güclərini sınayacaqlar.

İyulun 14-dək davam edəcək yarışlarda 18 idman növü üzrə 222 dəst medal uğrunda mübarizə gedəcək. İyulun 4-də ilk medalların sahibi müəyyən ediləcək. Həmin gün cüdo, üzgüçülük, suya tullanma, idman gimnastikası, qılıncoynatma və atıcılıq üzrə 15 dəst medal sahibini tapacaq. Ümumiyyətlə, yarışlarda ən çox medal dəsti atletikada qazanılacaq (50 dəst medal). Üzgüçülük üzrə 40, taekvondo üzrə 19 medal dəsti oynanılacaq.

Yarışda ölkəmizi bədii gimnastika, idman gimnastikası, cüdo, taekvondo, atletika, qılıncoynatma üzrə 22 idmançı təmsil edəcək.

Xatırladaq ki, Çinin Taypey şəhərində təşkil olunan XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları üç qızıl, bir gümüş, dörd bürünc medal qazanaraq yekun siyahıda 24-cü yerdə qərarlaşıblar.

Xəbər 938 dəfə oxundu.