Ağacan Abiyev: «Baku Fires»ə dəstək olmağa çağırıram»
Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev “Baku Fires” klubunun WSB liqasında finala vəsiqə qazanacağına inandığını bildirib. Federasiyanın rəsmi saytına açıqlama verən təcrübəli mütəxəssis azarkeşləri komandamıza dəstək olmağa çağırıb:
“Baku Fires” klubu WSB liqasının ilk mövsümündə olduqca yaxşı çıxış etdi. Komandamız 31 xal toplayaraq, Asiya zonasının qalibi oldu. Boksçularımız WSB liqasında bütün klublardan çox xal topladı. Avropa zonasının qalibi Paris United 29, Amerika zonasında birinci olan Los Angeles Matadors isə cəmi 25 xal toplayıblar. Bir neçə gündən sonra boksçularımız Fransa komandası ilə yarımfinal görüşünə çıxır. Bütün azarkeşləri aprelin 9-da «Sərhədçi» İdman-Olimpiya Mərkəzinə gəlməyə və “Baku Fires”ə dəstək olmağa çağırıram. WSB liqasının görüşləri də göstərdi ki, ölkəmizdə boksa kifayət qədər maraq var. WSB olimpiya oyunlarına lisenziya verir. Bu baxımdan yarışın önəmi böyükdür. İki boksçumuz – Soltan Migitinov və Məhəmmədrəsul Məcidov London olimpiadasına lisenziya qazanmağa yaxındırlar. WSB liqası ilk mövsümdəcə dünyada kifayət qədər populyarlıq qazandı.


Xəbər 1993 dəfə oxundu.