Minskdə ikinci Avropa Oyunlarının bağlanış mərasimi keçirilib
İyunun 30-da Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının bağlanış mərasimi keçirilib.

“Dinamo Arena”da keçirilən bağlanış mərasimində Belarus, Rusiya, Tacikistan prezidentləri ilə yanaşı, Beynəlxalq və Avropa Olimpiya komitələrinin prezidentləri iştirak ediblər. Bundan başqa bir sıra ölkələrin nazirləri, o cümlədən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak ediblər.

Bağlanış mərasimi Belarusun dövlət himninin səslənməsi ilə başlayıb. Sonra iştirakçı dövlətlərin bayraqları gətirilib. Azərbaycanın keçidi zamanı bayraqdar II Avropa Oyunlarının qızıl mükafatçısı karateçi Asiman Qurbanlı olub. “Aura” qrupu ifasından sonra idmançıların paradı keçirilib. Daha sonra müxtəlif rəqs kompozisiyaları nümayiş etdirilib və Belarusun simvolu olan Zubr nəhəng ekranda canlandırılıb. Yerli ifaçılar mahnılar ifa ediblər. Bu zaman idmanda vacib amillər olan yarışdan əvvəl, ikinci nəfəs, məşqçi, hörmət, yeni çağırış, könüllülər və qələbəni əks etdirən anlar nümayiş olunub. Daha sonra Avropa Olimpiya Komitəsinin bayrağı endirilib.

Bundan sonra Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış edib. İkinci Avropa Oyunlarını dostluq və birlik bayramı adlandıran A.Lukaşenko bildirib ki, Avropanın milyonlarla insanının bir ailədə birləşdiyini gördük. Onun sözlərinə görə, Avropa Oyunlarında belaruslular böyük tədbirlərin keçirilməsinə necə qadir olduğunu göstərdi, öz qapılarını Avropanın üzünə açdı. 10 gün ərzində Minsk arenalarında isti münasibətlər oldu. Bu da dünyada sülhün davam etdirilməsi üçün vacib idi. A.Lukaşenko çıxışında idman yarışlarını operativ işıqlandıran jurnalistlərə, ədalətli olan hakimlərə, öz ölkələrini layiqincə təmsil edən idmançılara, ən böyük əziyyəti olan könüllülərə, azarkeşlərə təşəkkürünü bildirib. Qeyd edib ki, könüllülər bu müddət ərzində Minskdə qonaqlara, idmançılara köməkliyini əsirgəməyib. Onun sözlərinə görə, Prezident Administrasiyasına könüllülərin məlumat bankının yaradılması barədə tapşırıq verib.

“Ən kədərli andır, biz ikinci Avropa Oyunlarını bağlayırıq. Ancaq qoy bu Avropa Oyunlarının ömrü uzun olsun”, - deyə A.Lukaşenko çıxışını yekunlaşdırıb.

Sonra çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç bildirib ki, 10 gün ərzində möhtəşəm yarışın şahidi olub. Könüllər həqiqətən böyük işlər gördü. Dopinq məsələsinə ciddi nəzarət olundu. Y.Kosyançiç II Avropa Oyunlarını bağlı elan etdikdən sonra söz musiqiyə verilib.

Sonda II Avropa Oyunlarının məşəli söndürülüb.

Qeyd edək ki, iyunun 21-də start götürən ikinci Avropa Oyunlarında qitənin 50 ölkəsindən 4 mindən çox atlet idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparıb.

Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunub. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışıb. Azərbaycan idmançıları bu mötəbər yarışda 28 (5-10-13) medal qazanaraq onuncu pillədə qərarlaşıb. İkinci Avropa Oyunlarında medalların sayına görə birinci yeri dörd il əvvəl olduğu kimi Rusiya komandası tutub. Rusiyalı atletlər ümumilikdə 109, o cümlədən 44 qızıl, 23 gümüş və 22 bürünc medal qazanıblar. Ev sahibi Belarus millisi 69 (24-16-29) medalla ikinci olub. Üçüncü yeri isə aktivində 51 medal (16-17-18) olan Ukrayna tutub.

Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. Azərbaycan bu mötəbər idman yarışının təşkili üçün qalan 30 aylıq qısa müddətdə hazırlıq prosesini yüksək səviyyədə başa vuraraq Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. “Bakı 2015”də uğurla çıxış edən Azərbaycan millisi komanda hesabında ikinci yerdə qərarlaşıb. İdmançılarımız Oyunlarda 56, o cümlədən 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

Üçüncü Avropa Oyunların 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək.

Xəbər 1259 dəfə oxundu.