Yunan-Roma güləşçimiz İslam Abbasov “Minsk 2019”un yarımfinalına vəsiqə qazanıb
İyunun 29-da - “Minsk 2019” ikinci Avropa Oyunlarının yunan-Roma yarışlarının ikinci günündə Azərbaycan pəhləvanı İslam Abbasov (87 kq) yarımfinala vəsiqə qazanıb.

Mübarizəyə səkkizdəbir finaldan başlayan güləşçimiz serbiyalı Nikolay Dobrev üzərində 8:0 hesablı qələbə qazanıb. Dörddəbir finalda Macarıstan təmsilçisi Viktor Lorinsi 3:0 hesabı ilə məğlubiyyətə uğradan güləşçimiz adını yarımfinala yazdırıb. Pəhləvanımız finala vəsiqə uğrunda mübarizədə xorvatiyalı İvan Huklel ilə üz-üzə gələcək.

Oyunlarda 130 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabah Şəriəti səkkizdəbir finalda xorvatiyalı Ante Milkoviçi (3:0) məğlub etsə də, dörddəbir finalda Gürcüstan təmsilçisi Yakobi Kacaya ilə görüşdə uduzub – 4:10. Y.Kacaya finala yüksələcəyi təqdirdə pəhləvanımız təsəlliverici görüşdə iştirak hüququ qazanacaq.

Bu gün 97 kiloqram çəki dərəcəsində yarışlara başlayan Orxan Nuriyev isə ilk görüşdə avstriyalı Daniel Qasla (2:7) uduzaraq mübarizəni səkkizdəbir finalda dayandırıb.

Xatırladaq ki, “Minsk 2019”da sərbəst güləşçilərimiz 2 qızıl, 1 gümüş, 2 bürünc, qadın pəhləvanlarımız isə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Xəbər 1124 dəfə oxundu.